...

Arif Məmmədov: Ermənilər Azərbaycanın hava məkanına qanunsuz daxil olarsa, beynəlxalq qaydaları pozmuş olacaqlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Avqust 2012 17:25 (UTC +04:00)
Xankəndi hava limanı üçün naviqasiya avadanlığını verən Fransanın "THALES" şirkəti üzr istəyib.
Arif Məmmədov: Ermənilər Azərbaycanın hava məkanına qanunsuz daxil olarsa, beynəlxalq qaydaları pozmuş olacaqlar

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir E.İsmayılov/

Xankəndi hava limanı üçün naviqasiya avadanlığını verən Fransanın "THALES" şirkəti üzr istəyib. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov deyib.

"Xankəndi hava limanı üçün naviqasiya avadanlığını Fransanın "THALES" şirkətinin filialı verib. Bununla bağlı biz cari ilin may ayında şirkətin vitse-prezidenti ilə görüşmüşük. Onlar bizdən üzr istəyərək Ermənistan tərəfindən aldandıqlarını bildiriblər. Amma biz bununla razılaşmayaraq ICAO-nun prezidentinə məktubla müraciət göndərmişik. Məktubda vurğulamışıq ki, əgər Fransanın həmin şirkəti avadanlığı kimə göndərdiyini bilmirsə, bu avadanlıq terrorçuların da əlinə keçə və təhlükəsizliyə qarşı istifadə edilə bilər. Müraciət vasitəsilə təşkilatdan beynəlxalq hüquq normalarının yerinə yetirilməsi üçün müvafiq addımların atılmasını da xahiş etmişik", - Məmmədov əlavə edib.

Onun sözlərinə görə, ümumilikdə, bu hava limanının fəaliyyəti mümkün deyil. Yəni aeroport öz-özünə fəaliyyət göstərə bilməz. Əgər təyyarə havaya qalxırsa, başqa aeroporta enməlidir və bunun üçün hava məkanından istifadə etməlidir. Hava məkanı da Azərbaycanındır.

"Biz bu hava məkanından mülki hava gəmiləri üçün istifadəni qadağan etmişik. Nə üçün? Çünki biz ona nəzarət edə bilmirik və heç kim uçuşların təhlükəsizliyə zəmanət verə bilməz. Ona görə də biz beynəlxalq aeronaviqasiya qaydalarına uyğun olaraq hava məkanını bağlı elan etmişik. Beynəlxalq Mülki Aviasiya Təşkilatı bu qərarımızı qəbul edib. Əgər ermənilər Azərbaycanın hava məkanına qanunsuz daxil olarsa, deməli, beynəlxalq qaydaları pozmuş olacaqlar. Azərbaycan bəyan edib ki, öz ərazisində hazırda 6 beynəlxalq hava limanı fəaliyyət göstərir və bundan başqa yerdən havaya təyyarə qalxırsa, bu, hava məkanımızın pozulması halıdır", - o qeyd edib.

Məmmədovun sözlərinə görə, iyulun 23-də ICAO-nun prezidentindən cavab məktubu alınıb.

"Təşkilatın rəhbəri məktubunda bizim mövqeyi təsdiqləyir. Mən yazmışdım ki, heç bir dövlət tərəfindən Azərbaycanın qaydalarının pozulmayacağına ümid edirəm. Təşkilat rəhbəri də mənim fikrimi bölüşdüyünü yazıb. Məktubda qeyd edilir ki, hava məkanı pozulursa, Azərbaycan həmin hava gəmisini hər hansı başqa hava limanında enməyə məcbur edə bilər. Amma məktubda o da qeyd olunur ki, məcburi eniş etdikdə dinc insanlara və mülki hava gəmisinə ziyan toxunmamasına çalışmaq lazımdır. Təbii ki, təyyarədəkilərin dinc insanlar olmasını müəyyən etmək üçün də məcburi enişi təmin etmək lazımdır. Hansı tədbir görülməsi isə dövlətin öz hüququdur. Məktubda ICAO-nun rəhbəri bildirib ki, hava limanı məsələsi ilə bağlı Fransa şirkətinin nümayəndələri ilə əlaqə saxlayacaq və Azərbaycanın narahatlığını Ermənistan tərəfinə çatdıracaq", - Məmmədov bildirib.

Xəbər lenti

Xəbər lenti