...

Dağlıq Qarabağın azərbaycanlı icması işğal olunmuş ərazilərdə beynəlxalq təşkilatın nümayəndəliyinin açılmasına etiraz edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Sentyabr 2012 14:18 (UTC +04:00)
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması Dağlıq Qarabağ bölgəsində Avropa Tələbələri Forumunun (AEGEE) nümayəndəliyinin açılmasına etiraz edib.
Dağlıq Qarabağın azərbaycanlı icması işğal olunmuş ərazilərdə beynəlxalq təşkilatın nümayəndəliyinin açılmasına etiraz edib

Azərbaycan, Bakı, 27 sentyabr /Trend müxbir K.Zərbalıyeva/

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması Dağlıq Qarabağ bölgəsində Avropa Tələbələri Forumunun (AEGEE) nümayəndəliyinin açılmasına etiraz edib.

İcmadan Trend-ə daxil olan Avropa Tələbələri Forumu prezidenti Luis Alvarado Martinezə ünvanlanan etiraz bəyanatında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların, xüsusilə BMT, ATƏT, Avropa Şurası, o cümlədən Avropa Parlamentinin qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin təsdiq olunduğu xatırladılır.

"Sizə və eləcə də Azərbaycan Respublikasının ayrılmaz hissəsi olan Dağlıq Qarabağda AEGEE nümayəndəliyinin açılmasında iştirakçı olan təşkilatçılara bildirmək istəyirik ki, artıq 20 ildir ki, Ermənistan Respublikası Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ona bitişik digər 7 rayonunu işğal edib və hələ də işğal altında saxlayır. Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal altında saxlaması beynəlxalq hüququn norma və prinsiplərinə ziddir", -etiraz bəyanatında vurğulanır.

Bəyanatda deyilir ki, "Dağlıq Qarabağ Respublikası" adlanan qondarma qurumu heç bir dövlət tanınmayıb və bu bölgədə sizin təşkilatınızın nümayəndəliyinin açılması qeyri-qanunidir.

"Bir daha nəzərinizə çatdırmaq istərdik ki, Dağlıq Qarabağ ərazisində həyata keçirilən hər bir tədbir və lahiyyələriniz Azərbaycan dövlətinin icazəsi və Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının iştirakı olmadan həyata keçirilə bilməz, eləcə də bu, beynəlxalq hüquq və normalara ziddir. Çünki bu torpaqlarda tarixən yaşamış olan azərbaycanlılar Ermənistan dövlətinin həyata keçirdiyi etnik təmizləmə və soyqırım siyasəti nəticəsində öz doğma yurd yuvalarına qayıtmaq imkanından məhrum olunublar", - bəyanatda qeyd edilir.

İcma bu məsələyə yenidən baxmağı tələb edir və hesab edir ki, bu cür təşəbbüslər nəinki təkcə danışıqlar prosesinə, həm də bölgənin gələcək statusuna və inkişafına çox ciddi zərbə vura bilər.

Xəbər lenti

Xəbər lenti