Azərbaycan, Bakı, 29 noyabr /Trend/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Məmmədyarov Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın genişlənməsindən məmnunluğunu bildirib.
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort regiona səfəri ilə bağlı öz mülahizələrini bölüşüb.
Görüşdə regionda gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb, regional əhəmiyyətli enerji layihələrindən bəhs olunub. Həmçinin Azərbaycanın Avropa üçün əhəmiyyəti vurğulanıb.
Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir bildirib ki, Ermənistan ATƏT-in Minsk qrupunun təkliflərini qəbul edirsə, böyük sülh sazişini imzalamağa razılaşmalıdır. Məmmədyarov, həmçinin Filip Lefortun diqqətinə çatdırıb ki, Xocalı hava limanı işə salınacağı və uçuşlar həyata keçiriləcəyi təqdirdə, sülh prosesinə ciddi zərbə vurulacaq. Nazir Aİ rəsmisinə xatırladıb ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də bu mövqedən çıxış edirlər.
Elmar Məmmədyarov qeyd edib ki, münqaişənin həlli üçün əsas problem Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərində mövcudluğudur.
Filip Lefort davamlı sülhün əldə olunması üçün iki icma arasında təmasların həyata keçirilməsinin vacibliyini vurğulayıb.