Azərbaycan, Bakı, 31 may /Trend/
AŞ PA Bürosu və Daimi Komissiyasının Yerevanda keçirilən iclasında Dağlıq Qarabağ münaqişəsi üzrə bəyannamə qəbul edilib. Bu barədə Trend Ermənistan KİV-ə istinadən məlumat verir.
Bəyannamədə deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını Azərbaycan və Ermənistanın Avropa Şurasına daxil olarkən üzərilərinə götürdükləri öhdəliklər tələb edir. Bu baxımdan AŞ PA ATƏT-in Minsk qrupunun "Madrid prinsipləri" bazası çərçivəsində danışıqlarına tam dəstək verdiyini ifadə edir. Bu prinsiplər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün əsas yaradır.
Bəyannaməyə əsasən, Assambleya Ermənistan və Azərbaycanı ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin həllində irəliləyişə nail olmaq və bu prosesi intensivləşdirmək üçün hər iki ölkənin Avropa Şurasının Nazirlər Komitəsində sədrliyinin (hazırda Ermənistan sədrlik edir, sonra sədrlik Azərbaycana keçəcək) verdiyi şansdan istifadə etməyə çağırır. Bu hər iki ölkənin sədrliyi dövründə prioritet məsələ olmalıdır.
Öz növbəsində, AŞ PA parlament diplomatiyası yolu ilə dialoqu asanlaşdırmaq və təşkilata üzv olan iki ölkənin parlamentariləri arasında etimad mühiti yaratmaq üçün səlahiyyətləri çərçivəsində hər şey etməyə hazırdır.