Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir İ.İzzət/
ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatı göstərdi ki, onlar müəyyən ümidsizlik nümayiş etdirdilər və hazırkı vəziyyətin yaranmasında daha çox tərəfləri günahlandırdılar. Halbuki həmsədrlər özləri prinsipial mövqe ortaya qoymalıdırlar. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov Mərkəzin 2013-cü ilin I yarısında görülmüş işlərin hesabatına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərən ATƏT-in Minsk qrupu, ilk növbədə, münaqişənin mərhələli şəkildə həllinə çalışmalıdır:
"Bu, ilk növbədə, işğal olunmuş torpaqların Ermənistan tərəfindən azad olunmasıdır. Bu istiqamətdə Ermənistana təzyiq etməyən ölkələrin danışıqlarda yaranan fasiləni tərəflərin üzərinə atması məntiqsizlikdir. Bu, öz üzərindən məsulyyəti atmaq deməkdir".
SAM-ın direktoru hesab edir ki, Ermənistan istəsə, yaxın iki il ərzində münaqişənin həllinə nail olmaq olar. Çünki hazırkı iqtidar Ermənistanda artıq nəzarət edilən hökumətin və parlamentin qurulmasına nail olunub:
"Rəsmi olaraq həmsədrlər tərəfindən danışıqların dalana dirənməsinə səbəb kimi ölkələrdə keçirilən prezident seçkiləri göstərilirdi. Amma Azərbaycan cəmiyyətinin Dağlıq Qarabağ münaqişəsinə dair fikri vahiddir və fikrin də əsas ifadəçisi cənab Prezidentdir. Əsas prinsiplər artıq ortadadır. Azərbaycan bu prinsiplərdən dönməyəcək. Digər tərəfdən, qarşıdan gələn 6 ay ərzində hər iki dövlətdə artıq seçkilər keçirilmiş olacaq və həm hökumətlər, həm də parlamentlər nəzarət edilən orqanlar olacaq. Biz Ermənistanın daxili problemləri və yaxud hansısa siyasi gərginliyi səbəb gətirərək danışıqlardan boyun qaçırmasını qəbul edə bilmərik. Çünki Ermənistan hakimiyyəti bu gün parlamentə nəzarət edir, əksəriyyəti onun əlindədir və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərarların qəbulunda onun tam imkanı var. Yaxın gələcəkdə Ermənistanda həlledici seçkilər həyata keçirilməyəcək və iki il ərzində də prosesi başlayıb məntiqi nəticəyə gətirib çıxara bilərlər".
F.Məmmədov qeyd edib ki, bizim fəaliyyət istiqamətlərimizdən biri də Ermənistanın işğalçı siyasəti haqqında məlumat vermək və bu siyasətə görə Ermənistanın dünya ictimaiyyəti, ən əsası BMT TŞ-nin daimi üzvləri tərəfindən cəzalandırılması məsələsidir: "Bu çox vacib məsələdir. Çünki bu dövləti cəzalandıran ancaq Azərbaycan və Türkiyədir. Başqa heç bir dövlət işğalçı dövləti cəzalandırmır. Burada beynəlxalq hüququn və onun əsas təməlini təşkil edən sərhədlərin güclə dəyişdirilməsi prinsipi pozulub. Buna görə də bu dövlət cəzalandırılmalıdır. Bu cəza olmadığı təqdirdə, hər hansı danışıqlardan və Ermənistanın kompromisə getmə imkanlarının araşdırılmasından söhbət gedə bilməz. Ona görə də biz bu istiqamətdə öz işlərimizi davam etdiririk".
Onun sözlərinə görə, SAM Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədqiqat və fəaliyyətini əsasən 3 istiqamətdə qurur.
Onlardan biri də hazırkı danışıqlar prosesinin xarici ekspertlər tərəfindən dondurulmuş hesab edilməməsi istiqamətindədir. Mərkəz Azərbaycanın və onun prezidentinin mövqeyini ekspert ictimaiyyətinə çatdırmağa, onların da vasitəsilə həmin ölkələrin hökumətlərinə tövsiyələr verməyə çalışır.
Bundan əlavə, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması keçirilən bütün beynəlxalq tədbirlərə cəlb edilir və bu icmanın daha yüksək platformalarda səsinin çatdırılmasına cəhd göstərilir.
Mərkəzin direktoru qeyd edib ki, demək olar ki, SAM-ın ekspertlərinin bütün xarici səfərləri zamanı bu icmanın nümayəndələri onları müşayiət edir. Məqsəd onların haqlı fikirlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır:
"Digər tərəfdən, Ermənistanı kompromislərdən uzaqlaşdıran addımların təhlili və bu addımları həyata keçirən və onu dəstəkləyən qüvvələrin işlərinin səmərəsizliyinin göstərilməsidir. Bu, ilk növbədə, Ermənistan-Türkiyə sərhədlərinin açılmasını dəstəkləyən layihələrə qarşı fəaliyyətdir. Bizim son dövlərdə ABŞ və Aİ ölkələrində keçirdiyimiz tədbirlərimizin də əsas məqsədi Aİ-nin və ABŞ-ın bu prosesə verdiyi dəstəyin dayandırılması və Dağlıq Qarabağ münaqişəsinə diqqətin artırılmasıdır. Biz bunu əsaslandırırıq və öz tədqiqatlarımızda daim göstəririk".
SAM-ın direktoru Ukraynada Dağlıq Qarabağ münaqişəsinə diqqətin artırılması məqsədilə bu il beynəlxalq konfrans keçiriləcəyini də bildirib.