...

Emil Hüseynli: ATƏT-in Minsk qrupu ölü quruma çevrilib (MÜSAHİBƏ) (FOTO-VİDEO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 May 2014 23:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may /Trend/

Trend Beynəlxalq İnformasiya Agentliyinin eksperti Emil Hüseynli Kəpəz TV-yə ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağa son səfərlərinin nəticələrinə dair fikirlərini bildirib.

- Emil müəllim, ötən həftə ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağa səfərləri çərçivəsində Kəlbəcər və Laçındakı vəziyyətlə tanış olublar. Onlar burada infrastrukturun yaxşılaşdığını, ancaq əhalinin artımında irəliləyiş müşahidə olunmadığını bildiriblər. Sizin bu fakta münasibətiniz necədir?

- Öncə onu qeyd edim ki, ümumiyyətlə, son aylar ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti, xüsusilə amerikalı həmsədr Ceyms Uorlikin bir sıra ziddiyyətli açıqlamaları ilə yadda qalıb. İlk öncə Kəlbəcər və Laçına səfərin yekunu ilə bağlı verilən bəyanatda qeyd olunmuşdu ki, Laçında əhalinin sayında artım olmasa da, orada kommunikasiya işlərində irəliləyişlər var. Elə bu fikrin özünün də əvvəli ilə sonu ziddiyyət təşkil edir. Bu, necə ola bilər ki, əhali sayında artım yoxdur, ancaq kommunikasiya işlərində irəliləyiş baş verib?! Sözsüz ki, həmsədrlərin bu cür ziddiyyətli fikirləri Azərbaycan vətəndaşları tərəfindən birmənalı qarşılanmayıb. Bildiyimiz kimi, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətləri cəmiyyətdə bir qınaq obyektinə çevrilib ki, bu da əsassız deyildir.

Qurum artıq 20 ildir ki, bu istiqamətdə fəaliyyət göstərir, ancaq onların bölgəyə səfərləri turistik səfərdən uzağa gedib çıxmır. Hətta onlar hər dəfə regiona səfərlərindən sonra öz məsuliyyətlərini tərəflərin üzərinə ataraq, siyasi iradə nümayiş etdirməyə səsləyirlər. Azərbaycan bu 20 ildə hər bir halda siyasi iradə nümayiş etdirib, biz öz prinsiplərimizi açıqlamışıq. Bizim əsas məqsədimiz münaqişənin ərazi bütövlüyü çərçivəsində həllidir. Bu baxımdan da ATƏT-in Minsk qrupunun həmsədrlərinin budəfəki region səfərləri də sıradan bir səfər olaraq yadda qaldı. Fikrimcə, münaqişənin effektli həlli üçün Minsk qrupunun həmsədrləri bu problemin həllinə dair "yol xəritəsi" hazırlamalıdırlar və xəritənin müzakirəsi BMT Təhlükəsizlik Şurası səviyyəsinə qədər qalxmalıdır. Düşünürəm ki, xəritədə işğala məruz qalan və işğalçı tərəf mütləq göstərilməlidir. Eyni zamanda ərazidən silahlı qüvvələrin çıxarılması, məcburi köçkünlərin öz ərazilərinə qaytarılması məqamları mütləq qeyd olunmalıdır. Və ərazilər qaytarıldıqdan sonra Azərbaycan və Ermənistan tərəfləri münaqişənin həlli istiqamətində müvafiq olaraq digər prinsiplər üzrə müzakirələr apara bilərlər. Sözsüz ki, buraya statusdan tutmuş digər kommunikasiya xətlərinin yenilənməsi, birgə yaşayışa dair məsələlər daxil edilə bilər. Hesab edirəm ki, bu "yol xəritəsi"nin qısa məzmununda yuxarıda sadaladıqlarımın hamısı öz əksini tapmalıdır.

- Diplomatlar atəşkəs rejiminin pozulmasının araşdırılması mexanizminin olmamasından da şikayətləniblər. Bu mexanizmi necə qurmaq olar ki, atəşkəs pozulmasın?

- Düşünürəm ki, bu məsələyə dair hansısa mexanizm tətbiq etmək çətindir. Çünki cəbhə bölgəsində elə zonalar var ki, orada atəşkəsə nəzarət etmək mümkünsüzdür. Əgər silahlar, snayperlər varsa, bunlar işə düşəcəksə, onda belə çıxır ki, ATƏT-in monitorinq qrupunun bütün nümayəndələri cəbhə boyu orada olub, onları canlı izləməlidirlər. Bu da say etibarı ilə cəbhə bölgəsində insanların yerləşdirilməsi baxımından mümkünsüzdür. Şəxsən mənim fikrimcə, yeni mexanizmin mümkünlüyü çox çətin məsələdir. ATƏT-in həmsədrlərinin yeni mexanizm deyərkən nəyi nəzərdə tutduğunu demək çətindir, yəqin ki, bunun mexanizm yolu o ola bilər ki, tərəflər siyasi cəhətdən razı salınsın və cəbhə bölgəsində snayperlər işə düşməsin.

- Vasitəçilər eyni zamanda Sərsəng su anbarının birgə istifadəsini təklif edirlər. Bunun mümkünlüyü nə dərəcədə realdır?

- İnanmıram ki, erməni separatçılar bu bəyanata ciddi yanaşsınlar, çünki bilirik ki, onlar Sərsəng su anbarından Azərbaycan tərəfi üçün bir təzyiq vasitəsi kimi istifadə edirlər - yağıntının bol vaxtı anbardan suyu buraxırlar, əkin sahələrində kənd təsərrüfatı məhsulları su altında qalaraq zay olur. Suya ehtiyac yarandıqda isə əksinə suyun qarşısını kəsirlər. Bir sözlə bu, onların bizim üçün etdiyi bir təzyiq formasıdır. Əslində isə həmsədrlərin mövqeyi, həqiqətən də müsbət qarşılanmalıdır. Çünki onlar anbara yerində baxış keçiriblər, eyni zamanda vətəndaşlarımızla görüşüb, danışıblar və bizim tərəfdə bu məsələ ilə bağlı çox ciddi problemlərin olduğuna şahid olublar.

Əgər ermənilər bu bəyanatı müsbət qarşılayarlarsa, nəticəsi olacaq. Ancaq qəbul etməsələr, düşünürəm ki, bu problem elə problem olaraq qalacaq.

- Həmsədrlərin bundan öncəki və son səfərlərinin region üçün əhəmiyyəti nəticə etibarilə nədən ibarət oldu?

- ATƏT-in Minsk qrupunun həmsədrlərinin 20 illik fəaliyyəti dövründə ümumilikdə 5-6 və ya 10-a yaxın görüş ola bilər ki, onlar hansısa konkret bir təklif irəli sürüblər. Və hər dəfə də bu təkliflərdən hər hansındasa razılaşma olduqda belə, Ermənistan tərəfi sonradan qeyri-konstruktiv mövqe nümayiş etdirərək bu danışıqlardan boyun qaçırıb və status-kvonun qalmasına çalışıblar.

Buna görə də həmsədrlərin regiona səfəri, yuxarıda da qeyd etdiyim kimi, artıq turistik bir səfər halını alıb. Ona görə də mən belə hesab edirəm ki, ATƏT-in Minsk qrupu bu formatda artıq ölü bir quruma çevrilib. Bildiyimiz kimi, artıq bununla bağlı Azərbaycan rəsmiləri tərəfindən çox kəskin bəyanatlar səsləndirilir, kəskin mövqe nümayiş etdirilir. Bu gün, demək olar ki, beynəlxalq hüququn baza prinsipləri ayaq altına salınıb. Bu vəziyyətdə isə ATƏT-in Minsk qrupunun ölü bir quruma çevrildiyini qeyd etmək düzgün olardı. Ona görə hesab edirəm ki, artıq beynəlxalq təşkilatlar və onlara üzv olan hegemon dövlətlərin başçıları bu barədə düşünüb, konkret bir mexanizm hazırlamalıdırlar. Əks halda, hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin sülhlə deyil, müharibə yolu ilə həlli məsələsi gündəmə gələcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti