Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir Səbinə Əhmədova/
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik cəbhə xəttində baş verən gərginliyə münasibət bildirib.
C.Uorlik öz "twitter" səhifəsində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən gərginlikdən narahat olduğunu bəyan edib: "Biz təmas xətti boyunca son vaxtlar gərginliyin artmasından çox narahatıq".
Amerikalı həmsədr, həmçinin atəşkəs rejiminə ciddi əməl olunmasının vacibliyini vurğulayıb.
Müdafiə Nazirliyi son günlər ərzində Azərbaycan Ordusunn cəbhədə gedən döyüşlər zamanı verdiyi itkilərin sayını açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, işğalçı Ermənistanın silahlı qüvvələri son günlər fəallaşaraq Ermənistan-Azərbaycan sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini planlı şəkildə pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqın ediblər.
Ermənistan ordusunun kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər. Silahlı Qüvvələrimizin bölmələri düşmənin bütün həmlələrini dəf edib, şiddətli döyüşlər nəticəsində ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur ediliblər.
Nəticədə 3 gün ərzində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 8 nəfər hərbi qulluqçusu həlak olub.