...

Hərbi ekspert: Ermənistan öz itkilərinin dəqiq sayını açıqlamır və gizlədir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Avqust 2014 12:36 (UTC +04:00)
"Ermənistan gözəl bilir ki, Azərbaycanla müharibə apara biləcəyi real gücü, imkanı, resursları yoxdur. Onlar sadəcə çalışırlar ki, Azərbaycanın əsəbləri ilə oynasınlar.
Hərbi ekspert: Ermənistan öz itkilərinin dəqiq sayını açıqlamır və gizlədir

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir İlkin İzzət/

"Ermənistan gözəl bilir ki, Azərbaycanla müharibə apara biləcəyi real gücü, imkanı, resursları yoxdur. Onlar sadəcə çalışırlar ki, Azərbaycanın əsəbləri ilə oynasınlar. Ona görə də qoşunların təmas xəttində hər hansı genişmiqyaslı hərbi əməliyyatlar başlayacağını düşünmürəm. Amma tam əminliklə deyə bilərəm ki, lokal xarakterli toqquşmalar, döyüşlər olacaq. Çünki bu qədər itki vermiş ordu bunu həzm etməyəcək. Məndə olan məlumata görə, bütün cəbhə boyu ermənilərə layiq olduqları cəza veriləcək".

Bunu Trend-ə hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov son günlər Azərbaycan-Ermənistan cəbhə xəttində yaranmış vəziyyəti, gərginliyin və döyüşlərin intensivliyinin artması məsələsini şərh edərkən deyib.

Hərbi ekspert hesab edir ki, Azərbaycan bu vəziyyətdə diqqətli, ehtiyatlı olmalı, eyforiyaya qapılmamalıdır: "Ermənilər bizə qarşı çox məkrli addımlar ata, bizi təxribata cəlb edə bilərlər. Onlar işğal olunmuş Azərbaycan ərazilərində yox, əsasən Emrənistan-Azərbaycan sərhədində, cəbhənin Tovuz və Qazax istiqamətində buna daha çox cəhd edirlər. Onlar istəyir ki, Azərbaycan hərbçilərindən kimsə Ermənistan ərazisində ya vurulsun, ya da tutulsun, bundan sonra da bu barədə bütün dünyaya car çəksinlər. Bu göstərir ki, Ermənistan düşdüyü bu çətin vəziyyətində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT), xüsusilə Rusiyaya güvənir. Lakin bu gün Rusiyanın Ermənistana kömək edəcək halı yoxdur. Rusiyanın Ukrayna ilə bağlı yaşadıqları ona bəs edir".

Ekspertin fikrincə, nəzərdən qaçmamalıdır ki, erməni tərəfi ictimaiyyətə əsl həqiqəti açıqlamır: "Ermənistan öz itkilərinin dəqiq sayını açıqlamır və gizlədir. Bu da təbiidir. Çünki müharibə şəraitində olan ölkələr adətən öz real itkilərini dəqiq açıqlamır. Bu, müharibənin qaydalarından biridir".

Ü.Cəfərov hesab edir ki, cəmiyyət də təşvişə düşməməlidir. Bu isə bir daha dövlət strukturlarının müharibə şəraitində informasiya baxımından çevikliyi məsələsini gündəmə gətirir: "Biz gözləmə mövqeyi tutmamalıyıq. Rəsmi strukturlar bir qədər fəal olmalıdırlar. Elan olunmamış müharibə gedir. Biz informasiya siyasətini gücləndirməli, çevikliyimizi artırmalıyıq. Baxın, ermənilər əldə etdikləri silahları və rabitə vasitələrini bütün dünyaya yayıb bundan öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Bizim bəzi KİV-lər də buna aldanırlar. Fikrimcə, dünən Azərbaycan mətbuatı növbəti dəfə sınaqdan layiqincə çıxa bilmədi və ermənilərin bəzi dezinformasiyalarına uydu. Ermənilərin dezinformasiyası bizim KİV-lərə qəti ayaq açmamalıdır. Dünən cəbhənin ayrı-ayrı istiqamətləri üzrə yaşanan informasiya boşluğu, ziddiyyətli xəbərlər, dezinformasiyalar fonunda bu gün Müdafiə Nazirliyinin operativ şəkildə şəhid olan hərbi qulluqçularımızla bağlı verdiyi məlumat yaşana biləcək təşvişi bir qədər arxa plana keçirdi. Əslində isə təhlükə hələ tam sovuşmayıb. Müharibə təkcə silahlarla deyil, həm də sözlə aparılır. Əbəs yerə deyilmir ki, "güllə yarası sağalır, söz yarası sağalmır". Yəni adi bir yanlış informasiya minlərlə, bəlkə də yüz minlərlə insanın təşvişə düşməsinə səbəb ola və bu xoşagəlməz hal döyüş bölgəsində də ağır fəsadlarla müşayiət oluna bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti