...

Mübariz Əhmədoğlu: Ermənistanın işğalçı mahiyyəti təhsilin hərbdən prioritetliyini qeyri-mümkün edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Oktyabr 2014 11:18 (UTC +04:00)
Ermənistan Prezidenti Serj Sarkisyan təhsil sahəsində iri layihənin təqdimatında iştirak etdi. 2015-ci ildən fəaliyyətə başlayacaq təhsil islahatının maliyyə mənbəyi yeni diaspor təmsilçisidir.
Mübariz Əhmədoğlu: Ermənistanın işğalçı mahiyyəti təhsilin hərbdən prioritetliyini qeyri-mümkün edir

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Ermənistan Prezidenti Serj Sarkisyan təhsil sahəsində iri layihənin təqdimatında iştirak etdi. 2015-ci ildən fəaliyyətə başlayacaq təhsil islahatının maliyyə mənbəyi yeni diaspor təmsilçisidir. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, o, erməni əsilli ABŞ vətəndaşıdır: "Ermənistanda fəaliyyətdə olan qanunvericiliyə görə, 18 yaşına çatmış erməni gənc ali məktəbin birinci kursunda və ya orta məktəbin sonuncu sinfində oxumasından asılı olmayaraq təhsilini dayandırıb hərbi xidmətə yollanmalıdır. Hərbi çağırış haqqında qanunda xüsusi istedadlı gənclər barədə istisna var. Belə gənclər orduya çağırılmır. Bunların sayı təxminən ildə 50 nəfər olur. Müdafiə naziri Seyran Ohanyan Yerevan Dövlət Universitetinin tələbələri ilə görüşdə xüsusi istedadlı gənclərin hərbi xidmətdən möhlət hüququnun ləğv ediləcəyini bildirdi. Guya bu hərbi çağırış məsələsində korrupsiyanın qarşısını alacaq".

M.Əhmədoğlu bildirib ki, Ermənistan Müdafiə Nazirliyi Baş Qərargah rəisinin müavini 150 min dollarlıq maşında gəzir: "Müdafiə nazirinin təchizatla məşğul olan müavini A.Paytyan uzun illər boyu erməni ordusuna mal əti əvəzinə ucuz qiymətə Hindistandan gətirilən camış əti yedizdirib. Ermənistanın iri özəlləşmələrində Müdafiə Nazirliyinin yüksək çinli zabitlərinin adı hallanır. Parlamentin Təhlükəsizlik komissiyasının keçmiş sədri, daşnak, hal-hazırda Dağlıq Qarabağda "baş nazirin müavini" işləyən A.Aqabekyan Ermənistanın ən varlı adamlarından biridir. Seyran Ohanyanın icarəyə götürdüyü mülkləri barədə arada məlumatlar sızdırılır. Ermənistan ordusu başdan-ayağa kriminal və korrupsiya yuvasıdır. A.İnciqulyan kimi görmə qabiliyyəti hədsiz zəif olan adamın hərbi xidmətə çağırılması təkcə çağırışçı qıtlığı ilə əlaqəli deyil, həm də hərbi-tibbi ekspertizada korrupsiyanın mövcudluğunun göstəricisidir. 18 yaşlı gənc ali məktəbdə lazımi tədris və həyat təcrübəsi keçməkdən məhrum olduğu üçün erməni ordusundakı kriminal qaydalara müqavimət göstərə bilmir və asanlıqla onlarinın təsiri altına düşür. Ona görə ermənilər dünyada kriminalların sayının artmasında hal hazırda təsirli paya malikdirlər. Bu Ermənistanda hərbi xidmətin hər şeydən prioritet olduğunun yaratdığı nəticədir".

Politoloq deyib ki, hərbi xidmətə çağırılan Ermənistan gənclərinin 80-85%-i Azərbaycanın işğal olunmuş torpaqlarına - Dağlıq Qarabağ ərazisinə göndərilir: "Serj Sarkisyan Azərbaycan torpaqlarını işğaldan azad etmək niyyətində deyil. Beləliklə, hərb işinin prioritet statusunu da aşağı salmaq niyyətində deyil. Ortaya məntiqi sual çıxır. Yeni təhsil layihəsi nəyə xidmət edəcək? Bəllidir ki, prezident S.Sarkisyanın özünün və qardaşlarının mülkü çoxdan RF-dən ABŞ ərazisinə köçürülüb. O mülklərin daha da artırılması S.Sarkisyan üçün prioritet məsələdir. Vatikanda səfir olan kürəkəni M.Minasyanı Ermənistanın rəhbərliyinə hazırlayır. Amerikadakı erməni diasporunun yeni təmsilçisi A.Tavityan S.Sarkisyanın maliyyə ehtiyaclarını ödəyəcək. Bu zaman bu erməni milyarder S.Sarkisyanın prezident statusundan istifadə edərək özünün ABŞ-da həm də siyasi karyerasını quracaq. Ona görə təhsil sahəsində yeni layihənin reallaşması bu iki adam arasında korporativ iş birliyinin çətiri kimi başa düşülməlidir.

S.Sarkisyan erməni gəncin təhsilini istəyirsə, təhsildə fasiləsizlik prinsipinə riayət etməlidir. Bu isə orta məktəbi qurtaran erməni gəncinin ali məktəbə, sonra magistraturaya daha sonra isə doktoranturaya daxil olması deməkdir. 18 yaşlı gənc isə təhsilini buraxıb işğalçı siyasətin davamçısına çevrilməməlidir, orduya getməməlidir.

Maraqlı bir paralel də var: S.Sarkisyan şahmatın inkişafına xüsusi fikir verirdi. Erməni şahmatının inkişafının geosiyasi tərəfləri ifşa olunan kimi Ermənistanda şahmat sahəsi iflasa uğradı. İndi S.Sarkisyan erməni gənclərin təhsili ilə məşğuldur. Bir az gözləyək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti