Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir İlkin İzzət/
Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi helikopterin Azərbaycanın hava məkanında vurulmasından sonra erməni tərəfinin ortaya atdığı bəhanələr "absurd teatr"ın mənzərəsidir. Bunu Trend-ə açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc deyib.
Millət vəkili hesab edir ki, Ermənistan hərbi helikopterinin Azərbaycan səmasında vurulmasından ibrət dərsi almalıdır: "Keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin 4,38 min kv.km-lik ərazisi, üstəgəl, işğal edilmiş 7 rayonun 12,3 kv.km-lik ərazisi ermənilərin helikopterlərinə azlıq edib, bütün bu hava zolağını aşaraq gəlib Azərbaycanın Ağdam rayonunda səmada sanki öz məkanı imiş kimi manevrlər edir, mövqelərimizə atəş açır və sonra da bəyan edirlər ki, bu, guya təlim-məşq helikopteri imiş. Bu, doğrudan da "absurd teatr"ın mənzərəsidir".
Onun sözlərinə görə, ermənilər intiqam almaq, revanş götürmək, əvəz çıxmaq, danışıqları tərk etmək və s. mövqeyi nümayiş etdirməkdənsə, düşünməlidirlər ki, azərbaycanlılar Qarabağın bu şəkildə işğal edilməsi ilə barışmayacaqlar.
Z.Orucun fikrincə, Azərbaycan bu məsələ ilə bağlı beynəlxalq aləmə də heç bir hesabat verməli deyil: "İndi bizim siyasi, diplomatik, iqtisadi, mədəni və idman qələbələrimizin hərbi vasitələrlə də müşayiət olunmasına çox ehtiyac var. Biz bu məsələni, bu uğuru və dəqiq zərbəni siyasi proseslərdə, beynəlxalq əlaqələrimizdə, diplomatik işlərimizdə davam etdirməli və beyinləri o istiqamətə yönəltməliyik ki, ordu sistemində aparılan islahatlar, dəyişikliklər, təlimlər, yeni təlimatlar, həyata keçirilən manevrlər, Türkiyə generaliteti ilə birgə tədbirlər və s. öz səmərəsini verir və Azərbaycan hərbçisi düşmənə məxsus istənilən obyekti zərərsizləşdirmək gücündədir".