...

Berlin Humboldt Universiteti Qarabağ münaqişəsi ilə bağlı yeni araşdırmalarını təqdim edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Mart 2015 21:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart /Trend/

Martın 18-də Berlin Humboldt Universitetində Qarabağ münaqişəsi barədə yeni media araşdırmalarının nəticələrinin təqdimatı keçirilib və mövzu ətrafında geniş müzakirələr aparılıb.

Trend-in məlumatına görə, Berlin Humboldt Universitetindən AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, "Qarabağ münaqişəsinin alman mediasında işıqlandırılması" adlanan həmin tədqiqat EuroKaukAsia Elmi və Mədəni Araşdırmalar Mərkəzi və universitetin "Azərbaycan tarixi" kafedrası ilə işbirliyi sayəsində gerçəkləşib.

Məlumatda qeyd olunur ki, hazırda alman cəmiyyətinin, siyasi dairələrin gündəmində duran ən mühüm mövzular Yaxın Şәrqdә, xüsusən də Suriyada, İraqda, həmҫinin Ukraynada cərəyan edən hadisələr, onların mətbuatda necə işıqlandırılması, medianın ictimai rəyin formalaşmasındakı rolu və qərarlara təsiri kimi məsələlərdir. Burada ortaya çıxan əsas suallara bir necə nümunə göstərmək olar: "Alman cəmiyyətinə həmin regionlarda baş verən olaylar barədə nə dərəcədə obyektiv və stereotiplərdən kənar informasiyalar verilir? Regionda cərəyan edən real hadisələr haqqında cəmiyyətimiz mətbuat tərəfindən nə dərəcədə obyektiv və stereotiplərdən azad şəkildə məlumatlandırılır? Alman mediası "dördüncü hakimiyyət" olaraq cəmiyyətdə və eyni zamanda, hökumətin xarici siyasətində, bu və digər məsələyə dair qərarların qəbulu prosesində nə kimi rol oynayır?".

Bu və buna bənzər suallar bizim günlərimizdə baş verən aktual hadisələrlə əlaqədar daha tez-tez səslənsə də, əslində retrospektiv xarakter daşıyır. Xüsusən uzanan, necə deyərlər, "dondurulmuş münaqişələr" kontekstində baxılarsa, həmin məsələlərdə stereotiplər və təhrif olunmuş, yanlış təsəvvürlər bu günün özündə daim təkrar-təkrar ortaya ҫıxmaqdadır.

Aparılan tədqiqatın mərkəzində keҫmiş SSRİ-nin süqutu zamani ortaya ҫıxan ən uzunömürlü və ən gərgin münaqişələrdən olan Dağlıq Qarabağ konflikti dayanır.

Professor Dr. Eva-Mariya Auxun rəhbərliyi altında ҫalışan tədqiqatҫı qrupu bir il ərzində apardığı empirik araşdırmalar nəticəsində ҫox əsaslı şəkildə sübuta yetirir ki, "Tsayt" (Zeit), "Frankfurter Allgemayne Tsaytunq" ("Frankfurter Allgemeine Zeitung") və "Noyes Doyҫland" ("Neues Deutschland") qəzetləri və "Şpiqel"("Spiegel") jurnalının timsalında alman mətbuatının ən aparıcı nəşrləri belə Qarabağ münaqişəsinə dair dərc etdikləri yazılarında əksərən yanlış klişe və stereotiplərdən uzaqlaşa bilməmiş, neytral informasiya mənbələrinə yetmədən xeyli dərəcədə səthi və həqiqətlərdən uzaq mövqelər sərgiləmişlər. Beləliklə də, mətbuatın qərəzsiz və obyektiv xəbər çatdırma funksiyasını layiqincə yerinə yetirə bilməməsi səbəbindən oxucularda, eyni zamanda siyasətҫilərdə, bütövlükdə cəmiyyətdə istər münaqişənin səbəbləri və kökləri, istərsə də nəticələri və təhlükələri barədə tamamilə yanlış qənaətlər formalaşıb. Təsadüfi deyil ki, bu gün alman cəmiyyətinin bir ҫox nümayəndələri medianın tutduğu mövqedən, onun həqiqətləri əks etdirməməsindən son dərəcə narazıdır.

Müzakirələrdə ҫıxış edənlər təqdim olunan tədqiqatın son dərəcə aktuallığını və vacibliyini vurğulayaraq onun məhz empirik xarakter daşımasının xüsusi əhəmiyyətini qeyd ediblər. Belə ki, araşdırma zamanı 1998-2008-ci illərdə adları yuxarıda çəkilən mətbuat orqanlarında əhatə olunan bütün xəbər mətnləri rəqəmsal yığım bazası əsasında və xüsusi kompyuter proqramının köməyi ilə (Data processing system) ən müxtəlif suallar və mövzular üzrə kodlaşdıraraq, təhlilə cəlb edilib. Daha sonra bu mətnlərin kəmiyyət analizi aparılıb.

Təqdimat mərasimində çıxış edən professor Aux diqqətə çatdırıb ki, aparılan tədqiqat alman cəmiyyətinin və ictimai fikrinin diqqətini Qarabağ münaqişəsinə daha ciddi şəkildə yönəltmək, eyni zamanda, elm, siyasət və media nümayəndələrini özünütənqidi yanaşmaya cəlb etmək məqsədi daşıyır.

"Media-ictimaiyyət-siyasət: real münasibətlər nə dərəcədə mürəkkəbdir?" mövzusunda podium diskussiyasına qatılan media tədqiqatҫıları professor Luts Mets (Berlin Azad Universiteti), Media Tədqiqatları İnstitutunun direktoru, Dr. Sabine Şiffer, jurnalist və media tədqiqatҫısı xanım Dr. Birgit Vetselb (Hamburq) və başqaları müzakirə olunan tədqiqat işinin nəticələrinin geniş ictimaiyyətə açıqlanmasının vacibliyini bildiriblər.

Haqqında söhbət gedən araşdırmanın yaxın gələcəkdə üç dildə - alman, ingilis və Azərbaycan dillərində kitab şəklində çap edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilib.

Təqdimat mərasimində, həmҫinin Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin nümayəndələri də iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti