...

Dağlıq Qarabağın Azərbaycan İcması CNN-in aparıcısına müraciət ünvanlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Noyabr 2017 16:09 (UTC +04:00)
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycan İcması İctimasi Birliyi CNN-in aparıcısı Antoni Bourdayna və telekanala müraciət ünvanlayıb.
Dağlıq Qarabağın Azərbaycan İcması CNN-in aparıcısına müraciət ünvanlayıb

Bakı. Trend:

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycan İcması İctimasi Birliyi CNN-in aparıcısı Antoni Bourdayna və telekanala müraciət ünvanlayıb.

Trend-in məlumatına görə, müraciətdə qeyd edilir ki, müharibə cinayətləri, etnik təmizləmə, fərq qoyulmadan mülki vətəndaşlara qarşı zorakılıq Ermənistanın Azərbaycana davam edən təcavüzünün tərkib hissəsidir:

“1991-1994-cü illər müharibəsinin fəal dövrü zamanı Xocalı şəhərinə hücum xüsusilə amansız və faciəli idi. Münaqişədən öncə biz – qırğının qurbanları və digər 7000 sakin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində dinc şəraitdə yaşamışıq. 1991-ci ilin oktyabrından etibarən şəhər tamamilə Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alındı. 1992-ci il fevralın 26-da erkən saatlarda Xocalının kütləvi artilleriya bombalanmasından sonra müxtəlif istiqamətlərdən hücum başlandı. Nəticədə Ermənistan silahlı qüvvələri hazırda da bölgədə yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını ələ keçirdilər. İşğalçılar Xocalını xüsusi amansızlıqla dağıdıb mülki əhalini tamamilə məhv etdilər. Ermənistan silahlı qüvvələri xüsusi qəddarlıqla – diri-diri yandıraraq, baş dərisini soyaraq, boynu vuraraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vuraraq vəhşiliklər törətdilər. Hətta uşaqlar istisna deyildi. Bütövlükdə, hücum və şəhərin ələ keçirilməsi nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi. Digər 1000 sakin yaralandı, 1275-i girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Xocalı şəhərində vətəndaşların qəsdən öldürülməsi irqçi ayrı-seçkilik əsasında onların kütləvi şəkildə qırğınına yönəldilib.

Ermənistanın o vaxtkı müdafiə naziri və hazırda prezident olan Serj Sarkisyan britaniyalı jurnalist Tomas de Val ilə müsahibəsində utancverici formada günahkar olduğunu deyib: “Xocalıdan öncə azərbaycanlılar düşünürdülər ki, ... erməni xalqı dinc əhaliyə qarşı heç vaxt əl qaldıra bilməz. Biz bu stereotipi sındıra bildik” (Tomas de Val, Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında (Nyu-York və London, Nyu-York Universiteti mətbu orqanı, 2003, səh. 172)”

Müraciətdə deyilir ki, həqiqətən Xocalı Azərbaycan torpaqlarının növbəti işğalı və etnik cəhətdən təmizlənməsi üçün ilkin mərhələ idi: “Azərbaycana qarşı Ermənistan tərəfindən başladılmış müharibə nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarının 20 faizi hazırda işğal altındadır. Beynəlxalq humanitar hüququ pozmaqla Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində və Ermənistanda yaşayan 1 milyon mülki azərbaycanlıya qarşı etnik təmizləmə siyasəti həyata keçirib. Nəticədə dünya miqyasında adambaşına düşən məcburi köçkün sayına görə Azərbaycan ön sıralardadır.

Biz sizin peşəkarlığınıza və beynəlxalq mətbəx haqqında hazırladığınız proqramlara hörmət edirik. Sülh şəraitində belə bir mətbəx mübadilələri xalqları bir araya gətirir. Lakin davamlı müharibə və amansızlıq şəraitində belə bir mədəni proqram müharibə cinayətlərinin qurbanı olan, yaxınlarını və öz doğma yurdlarını itirən bizim kimi insanlar tərəfindən etnik təmizləmə və güc yolu ilə torpaq əldə etmə siyasətinin dəstəklənməsi kimi başa düşülə bilər. Xahiş edirik, başa düşəsiniz ki, biz hətta işğal olunmuş ərazilərdə valideynlərimizin və digər yaxınlarımızın məzarlarını belə ziyarət etməkdən məhrum olunmuşuq. Ötən 25 il ərzində biz doğma torpaqlarımıza qayıtmaq, evlərimizi yenidən qurmaq və viran qoyulmuş və əhalisi didərgin salınmış Şuşa şəhərində sizin ermənilər tərəfindən qonaq edildiyiniz Azərbaycanın milli yeməyi olan şilə plovunu uşaqlarımız üçün yenidən bişirmək həsrəti ilə yaşayırıq. Əlbəttə ki, sizin Xocalıya yaxın, insanlığa qarşı cinayətin törədildiyi Azərbaycan ərazilərinə hərbi vertolyotla səfəriniz və orada mətbəx şousu ilə bağlı apardığınız hazırlıqlar bizi ciddi şəkildə məyus etdi və bizim yaralarımıza duz səpdi. Biz çox inanmaq istərdik ki, siz məsələyə dair reallıqlar barəsində yanlış məlumatlandırılmış və sizin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəriniz bilərəkdən həyata keçirilməmişdir. Bundan başqa, sizin faşist düşərgəsi yaxınlığında yeməkdən və ya Bosniyada serb hərbçilər tərəfindən kütləvi qətliam törədilmiş Srebrenitsa şəhərində nahardan zövq aldığnızı təsəvvür etmək çox çətindir.

Azərbaycan torpaqlarının, eyni zamanda bizim doğma yurdumuz Xocalının Ermənistan tərəfindən qanunsuz, zorakı və uzun müddət ərzində işğalı Ermənistanın öz xalqına, ölkə iqtisadiyyatına və gələcəyinə ziyan vurdu. Ona görə ki, bizim əsrlərlə sülh şəraitində yaşadığımız və birlikdə sülhsevər region qurmağı arzu etdiyimiz erməni qonşularımız başa düşməlidirlər ki, başqasının faciəsi üzərində xöşbəxtlik qurmaq olmaz”.

Qeyd olunur ki, işğalın dəstəklənməsi, bununla işğal faktının və müharibənin uzadılması bu faciədən faydalananlardan başqa kimsəyə kömək etmir: “Əvəzində biz iki xalqa sülh əldə etmək üçün yardım etməli və beynəlxalq sülh yaratma cəhdlərini təşviq etməliyik. Biz vəziyyətin həssaslığını və bir çoxlarımızın yaşadıqları əzabları nəzərə almağa çağırırıq. Həmçinin, biz Azərbaycanın işğal olunmuş və etnik təmizlənməyə məruz qalmış ərazilərindən hazırlanmış hissəni şounuza daxil etmək qərarınızı yenidən nəzərdən keçirməyə çağırırıq”.

Xatırladaq ki, A.Bourdaynın adı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, eləcə də qanunlarını pozduğu üçün arzuolunmaz şəxslər siyahısına daxil edilib.

Bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib: “Biz təəssüf edirik ki, Antoni Bourdayn Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına bəraət qazandırılması və bu işğalın pərdələnməsində propaqanda alətinə çevrilib. İşğal altında olan ərazilərdən mətbəx mövzusunda şou proqram hazırlamaq, zorla öz torpaqlarından didərgin düşmüş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə qarşı hörmətsizlikdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti