...

Artıq dünya birliyi Azərbaycanın gücünü qəbul edir - Naqif Həmzəyev

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Oktyabr 2020 13:32 (UTC +04:00)
Artıq dünya birliyi Azərbaycanın gücünü qəbul edir - Naqif Həmzəyev

Bakı. Trend:

Bu gün müzəffər Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızı yağı tapdağından azad edir, hər gün yeni bir müjdə ilə xalqımızın qəlbini iftixar, qürur hissi ilə doldurur. Ali Baş Komandan İlham Əliyevin qətiyyətindən güc alan Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində düşməni darmadağın edərək 30 il əsirlikdə qalan torpaqlarımızı azadlığa qovuşdurur.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, son günlər müstəqil Azərbaycan Vətən savaşında iradəsini, hökmünü bir daha göstərdi. Azərbaycanın uğurları, qələbələri döyüş meydanı ilə yekunlaşmır. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev işğalçı Ermənistanı siyasi-diplomatik sferada da məğlubiyyətə uğradır. Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına, Fransanın “Figaro” qəzetinə müsahibələrində haqq, ədalət savaşına qalxan müstəqil Azərbaycanın Vətən savaşında iradəsinin, hökmünün bir daha şahidi olduq. Dövlət Başçımızın jurnalistin çaşdırıcı, sətiraltı məzmunlu suallarına səbr, təmkin və iti siyasi-diplomatik zəka ilə verdiyi cavablar hər birimizdə qürur hissi yaratdı.

Fransalı jurnalistin ”Cənab Prezident, birinci sualım belədir, nəyə görə Siz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hücuma keçmisiniz və bu hərbi hücumun siyasi məqsədləri nədir?” təxribat xarakerli sualına ölkə Prezidentimiz tərəfindən verilən sərrast, dəqiq faktlarla əhatə olunmuş cavab qarşı tərəfin planlarını alt-üst etdi: “Biz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hərbi hücuma keçməmişik, Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir. Bu hərbi hücumun ilk saatlarında bizim mülki şəxslər və hərbi qulluqçularımız arasında qurbanlarımız olmuşdur. Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi. Onlar birinci dəfə bizə Qarabağ bölgəsindən uzaqda olan Ermənistan-Azərbaycan dövlət sərhədində hücum etdilər. Beynəlxalq müşahidəçilərin yekdil rəyi ondan ibarət idi ki, Ermənistan bizə qarşı hücum etmişdir. Onlar yeni əraziləri işğal etmək istəyirdilər. Onlar bizim Ermənistanla dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək istəyirdilər. Yəqin, sizin də bildiyiniz kimi, Trans-Adriatik boru kəməri demək olar ki, tamamlanıb. Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, həm də Avropanın enerji təhlükəsizliyi layihəsidir. Hesab edirik ki, Ermənistanın məqsədlərindən biri bu boru kəməri üzərində nəzarəti ələ keçirmək və bizi, ola bilsin Avropa istehlakçılarını şantaj etmək idi. Onlara ciddi cavab verildi. Biz onların geriyə çəkilməsinə nail olduq. Lakin əfsuslar olsun ki, növbəti ay - avqust ayında onlar azərbaycanlılara qarşı terror aktları törətməyi planlaşdıran diversiya qrupunu göndərdilər. Bu sabotaj qrupunun başçısı bizim hərbi qulluqçular tərəfindən saxlanılmışdır və o ifadə verir. Beləliklə bu, danışıqları pozmaq və Azərbaycana hücum etmək üçün qəsdən edilən bir cəhddir. Bu hücumu etməklə Ermənistanın güddüyü siyasi məqsədlərə gəlincə, bunlar status-kvonun dəyişməz olaraq qalmasından, bu eskalasiyaya görə günahı bizim üstümüzə atmaqdan, danışıqların tamamilə pozulmasından, üçüncü ölkələri münaqişəyə cəlb etməkdən və münaqişəni beynəlmiləlləşdirməkdən ibarət idi. Biz onlara yalnız adekvat cavab verdik. Bunun nəticəsində biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin bir hissəsini azad etdik və azad etməyə davam edirik”

Uzun illər ərzində sülh danışıqlarının prinsiplərinə sadiq qalaraq münaqişənin müzakirələr yolu ilə həllini tapacağını ümidlə gözləyən, amma Ermənistanın davamlı təxribatları ilə üzləşərək sonda problemin hərbi yolla aradan qaldırılmasına qərar verən Azərbaycanın dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev Dağlıq Qarabağın əzəli, əbədi Azərbaycan torpağı olmasını bütün beynəlxalq platformalarda dəfələrlə dünyaya çatdırıb. Ölkə Prezidentimiz ortaya qoyduğu dəqiq faktlar və qətiyyətli mövqeyi ilə hər dəfə daha böyük lider olduğunu nümayiş etdirib, ermənilərin məkrli oyunlarına sərt və birmənalı mövqeyi ilə cavab verib. Azərbaycan Prezidenti çıxışlarında dönə-dönə Ermənistanın təcavüzkar siyasətinin Cənubi Qafqaz regionunun təhlükəsizliyi üçün böyük təhdid yaratdığını bildirib.

Ermənistanın təbliğat maşını nə qədər yalan informasiyalar yaysa da, dünya ölkələri tərəfindən Prezident İlham Əliyevin əzmlə həyata keçirdiyi strateji kurs sayəsində tarixinin ən parlaq mərhələsini yaşayan Azərbaycanın humanitar, ictimai-siyasi, iqtisadi uğurları layiqincə dəyərləndirilir. Artıq dünya birliyi Azərbaycanın gücünü qəbul edir və anlayır ki, haqq, ədalət uğrunda savaşa qalxan ölkə öz ərazi bütövlüyünü qısa müddətdə bərpa edəcək.

Qarabağ Azərbaycandır!!!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti