...

HİLMİ ÖZKƏK: ERMƏNİSTANIN İQTİSADİ CƏHƏTDƏN ZƏİFLƏMƏSİ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN NİZAMLANMASINA ŞƏRAİT YARADACAQ

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Oktyabr 2005 13:04 (UTC +04:00)

"Vaxt Azərbaycanın xeyrinə işləyir. Ermənistan isə iqtisadi cəhətdən getdikcə zəifləyir. İnanırıq ki, bu amil Azərbaycanın siyasi gücünə təsir edəcək, münaqişənin nizamlanması üçün əlverişli şərait yaradacaq". Trend in xəbər verdiyi kimi, bu barədə Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi, ordu generalı Hilmi Özkək Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə Bakıda görüşü zamanı bəyan edib.

S.Əbiyev isə öz növbəsində qeyd edib ki, Azərbaycan münaqişəni sülh yolu ilə həll etmək istəyir. "Lakin göstərilən səylər heç bir nəticə verməsə, Silahlı Qüvvələrimiz işğal olunmuş torpaqlarımızı azad etmək əzmindədir", - deyə o bildirib.

Görüşün sonunda Cənubi Qafqaz və Orta Şərq regionlarında hərbi-siyasi vəziyyət, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb. S.Əbiyev bildirib ki, son illər ərzində hər iki ölkənin Silahlı Qüvvələri arasında əməkdaşlıq genişlənib. Bu isə hər iki ölkə xalqının istək və strateji maraqları ilə şərtlənib. "Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı əsasən, təlim və təhsil sahələrini, müdafiə sənayesini, NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramını, Avroatlantik məkana inteqrasiyanı və enerji daşıyıcılarının təhlükəsizliyini əhatə edir. Bu il biz fərdi tərəfdaşlıq üzrə fəaliyyət planı (IPAP) qəbul etmişik və inanırıq ki, onun müddəalarını yerinə yetirməkdə Türkiyə bizə dəstək olacaq. Bu gün biz hər iki ölkə arasında hərbi əlaqələrin genişlənməsindən razıyıq", - deyə müdafiə naziri əlavə edib.

H.Özkək isə bildirib ki, Türkiyə də Azərbaycanla hər iki qardaş dövlətin maraqlarına xidmət edən hərbi əməkdapşlığın vəziyyətindən razıdır. "Biz əməkdaşlığımızı davam etdirməli və tarixi köklərimizin birliyini unutmamalıyıq", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti