Dağlıq Qarabağ problemi İslam Konfransı Təşkilatı Parlament Birliyinin (PB) İstanbulda keçirilən növbəti konfransında "İstanbul bəyannaməsi"nə salınıb. Bu barədə eksklüziv olaraq Trend ə sözügedən iclasda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü, Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı bildirib.
X.Kazımlı bildirib ki, iki gün davam edən adıçəkilən konfransda Azərbaycan nümayəndə heyəti Dağlıq Qarabağ problemi ilə bağlı çıxışlar edib: "Konfransda ən böyük nailiyyətimiz bu olub. Digər bir nailiyyət isə konfransın İcraiyyə Komiəsinin üç komitəsində Azərbaycanın təmsil olunmasıdır". Millət vəkili onu da bildirib ki, konfransda İslam ölkələrinin üzləşdiyi problemlər müzakirə olunub və onların həlli ilə bağlı dinləmələr keçirilib.
Qeyd edək ki, konfrans aprelin 8-də başlayıb və aprelin 14-də öz işini başa çatdırıb. Konfransda iştirak edən Azərbaycanı Milli Məclisin deputatları Gövhər Baxşəliyeva, Cavanşir Paşazadə, Xanhüseyn Kazımlı və Sabir Rüstəmxanlı aprelin 14-də vətənə dönəcək. Tədbirdə 47 ölkədən 437 nümayəndə iştirak edib.