2006-cı il iyunun 20-nə olan məlumatına görə, itkin düşmüş Azərbaycan vətəndaşlarının ümumi sayı 4581, ermənilərin sayı isə 414 nəfərdir. Trend in verdiyi xəbərə görə, bu barədə Hərbi əsir, girov və itkin düşmüş vətəndaşların işləri üzrə Azərbaycan dövlət komissiyasının işçi qrupunun bəyanatında deyilir. Bəyanat Beynəlxalq İşçi Qrupu (BİQ) həmsədrlərinin son mülahizələri ilə əlaqədar edilib.
İşçi qrupu bildirib ki, hər iki tərəfdən itkin düşmüş həm azərbaycanlı, həm də ermənilər Ermənistanın Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisində və onun yeddi ətraf rayonunda itkin düşüblər. 414 ermənidən 197-i Ermənistan vətəndaşı, 211-i erməni millətli Azərbaycan vətəndaşı, 6 nəfər isə başqa ölkələrin vətəndaşlarıdır. İtkin düşmüş ermənilərin ümumi sayından 23 nəfər Ermənistan ərazisində, 2-isi Gürcüstan ərazisində, 389-u Azərbaycanın işğal olunmuş ərazilərində və yalnız 10-u döyüş əməliyyatlarından uzaqlarda yoxa çıxıb. "Ona görə də aydındır ki, axtarış işləri həmin ərazilərdə aparılmalıdır. Lakin Beynəlxalq İşçi Qrupu həmsədrlərinin bu regiona dəfələrlə gəlməsi heç bir insanın taleyinə aydınlıq gətirməyib, halbuki onlar iddia edirlər ki, "Dağlıq Qarabağda bütün qapılar itkin düşənlərin axtarışı üzrə qrupun üzünə açıqdır".
Azərbaycanın keçmiş hərbi əsirlərlə qeyri-humanist rəftarı barədə deyilənlərə gəldikdə isə, işçi qrupu qeyd edib ki, "bu heç də cənab Bernhard Klazenin qələmə verməyə çalışdığı kimi deyil". "Azərbaycanın hakimiyyət orqanları əsirlikdə olmağa görə heç kimi təqib və mühakimə etməyib. BİQ-dən olan cənabların əsassız mülahizələri ictimaiyyətin diqqətini onların özünün əsas işindən, yəni itkin düşmüş şəxslərin axtarılması işindən yayındırmağa yönəlib. Bununla əlaqədar ictimaiyyətin nəzərinə bir daha çatdırmaq lazımdır ki, əsirlikdən müxtəlif vaxtlarda azad edilmiş 1388 azərbaycanlıdan yalnız 20 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onların hamısı Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan konkret cinayətlərə görə mühakimə olunub. Onların heç biri əsirlikdə olduğuna görə cinayət məsuliyyətinə cəlb edilməyib", - deyə bəyanatda qeyd olunub.