...

Azərbaycan Milli QHT Forumu ermənilərin Şuşanın baş planını hazırlaması ilə bağlı UNESKO-nun baş direktoru Koichiro Matsuuraya müraciət edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Aprel 2007 14:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Milli QHT Forumu ermənilərin "yenidənqurma" adı altında Şuşanın baş planını hazırlaması ilə bağlı UNESKO-nun baş direktoru Koichiro Matsuuraya müraciət edib. Bu barədə cümə günü Milli QHT Forumunun prezidenti, millət vəkili Azay Quliyev məlumat verib.

425 QHT-nin imzaladığı müraciətdə bildirilir ki, ermənilər "yenidənqurma" adı altında Şuşada Azərbaycanın milli memarlıq mədəniyyətini kökündən dağıtmaq üçün şəhərin yeni baş planını hazırlayıblar.

"Ermənistan tərəfindən işğal edilən Azərbaycanın qədim tarix və mədəniyyət mərkəzi olan Şuşa şəhəri daha ciddi bir təhlükə ilə üz-üzədir. Ermənilər nadir memarlıq abidəsi kimi tanınan Şuşanı "yenidən qurmaq" adı altında yerlə-yeksan etmək üçün ABŞ-ın "SEMA" şirkətinin köməkliyi ilə baş plan hazırlayıblar. Aydın məsələdir ki, planın əsas məqsədi Azərbaycanın milli-mədəni irsini Şuşa şəhərindən tamamilə yox etmək, onların yerində erməni şəhərsalma üslubuna xas memarlıq təzahürlərini yaratmaqdır" - deyə müraciətdə bildirilir.

Müraciətdə qeyd olunub ki, öz çirkin niyyətlərinə haqq qazandırmaq məqsədilə ermənilər Şuşada heç bir elmi konsepsiyası olmayan dırnaqarası arxeoloji qazıntılar aparıb və ilk təməl daşı Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuş Şuşa şəhərində guya "erməni izləri" tapmağa nail olublar: "Halbuki, Dağlıq Qarabağda ermənilərin XIX əsrin birinci yarısından məskunlaşmağa başlaması heç bir obyektiv tarixçıdə şübhə doğurmur və fakt çoxdan sübuta yetirilib."

Müraciətdə deyilir ki, Azərbaycan Milli QHT Forumu dünya mədəniyyətinin incilərindən sayılan Şuşa şəhəri ermənilər tərəfindən büsbütün məhv edilmək və özgəninkiləşdirilmək təhlükəsi ilə qarşılaşdığı bir vaxtda UNESKO-nun baş direktoru Koichiro Matsuuraya müraciət edir: "Bu məkrli planın baş tutmaması üçün Azərbaycan xalqına köməklik etməyinizi xahiş edirik."

Xəbər lenti

Xəbər lenti