Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ "Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlar artıq bir çox prinsiplərin razılaşdırıldığı bir mərhələyə çatıb. Lakin hələ də bir sıra ciddi problemlər qalmaqdadır". Bu sözləri cümə axşamı günü jurnalistlərə Azərbaycan XİN başçısı Elmar Məmmədyarov deyib.
Onun sözlərinə görə, Azərbaycan işğal olunmuş ərazilərin qaytarılmasına təkid etməkdə davam edir. "Biz başa düşürük ki, bir gecədə bu, mümkün olan iş deyil. Ona görə də nəticəni addım-addım əldə etməyi düşünürük" - deyə nazir bildirib.
Məmmədyarov qeyd edib ki, azad olunacaq torpaqlarda sülhməramlı qüvvələr yerləşdirilməli və kommunikasiyalar bərpa edilməlidir. "Kəlbəcərlə Laçın digər işğal olunmuş rayonlar, yəni Ağdam, Cəbrayıl və digərləri kimi birmənalı şəkildə azad edilməlidir" - deyə o vurğulayıb.
Məmmədyarovun fikrincə, azad olunacaq torpaqlara ilk növbədə Azərbaycan əhalisi qaytarılmalıdır: "Yalnız bundan sonra Dağlıq Qarabağın statusunu müzakirə edə bilərik".