...

Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşləri yaxşı keçərsə, münaqişənin əsas prinsipləri barəsində razılığa gəlinməsi mümkündür – M.Brayza

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 İyun 2007 12:27 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşləri yaxşı keçərsə, münaqişənin əsas prinsipləri barəsində razılığa gəlinməsi mümkündür – M.Brayza

ABŞ, Vaşinqton / Trend , müxbir Əli Qara / ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza ilə Trend in eksklüziv müsahibəsi

- Azərbaycan və Ermənistan mətbuatında sizin regiona planlaşdırılan səfəriniz barədə çox yazılıb. Regiona nə vaxt səfər etməyi düşünürsünüz, səfərinizin marşrutu necə olacaq və bu ziyarət hansı məqsədi daşıyır?

- Mənim Bakı və Yerevana səfərim bu həftənin sonu başlayacaq. Mən Minsk qrupu çərçivəsində yeni məsləhətləşmələr aparmaq məqsədilə həmsədrlər - səfir Fasye və səfir Merzlyakova qoşulmağı planlaşdırıram. Biz gələn həftə həm Bakıda, həm də Yerevanda prezidentlərlə keçiriləcək görüşlərə hazırlaşırıq. Öz növbəsində, prezidentler 9 iyunda Sankt-Peterburqda görüşəcəklər. Biz ümid edirik ki, bu görüşdə onlar bizim uzun müddətdir müzakirə etdiyimiz Qarabağ münaqişəsinin həlli ilə bağlı əsas prinsiplər üzərində razılığa yaxınlaşacaqlar. Mən 5 və 6 iyunda Bakıda olacağam və 7 iyunda Yerevana səfər edəcəyəm.

- Prezidentlərin 9 iyunda Sankt-Peterburqda keçiriləcək görüşündə hansı məsələlər müzakirə olunacaq və bu görüşdən nələr gözləmək olar?

- Bu görüş Minsk qrupunun müzakirələri çərçivəsində həyata keçiriləcək. Bu, müəyyən fasilələrlə baş tutan görüşlərdən biridir. Sonuncu dəfə prezidentlər noyabrda görüşmüşdülər və bu dəfə bir daha görüşərək anlaşılmazlıqlar və Minsk qrupu həmsədrlərinin təklif etdiyi əsas prinsiplər barəsində danışacaqlar. Əgər görüş müvəffəqiyyətli keçərsə və onlar əsas prinsiplərə dair razılığa gələrlərsə, o zaman bu, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin əsasını təşkil edə bilər.

- Bu yaxınlarda Ermənistanda parlament seçkiləri keçirildi. Seçkilərin necə keçməsi və nəticələri barədə müxtəlif fikirlər mövcuddur. Sizcə bu seçkilərin danışıqlar prosesinə təsiri nədər ibarətdir?

- Mən Ermənistanda keçirilən parlament seçkilərinin danışıqlar prosesi üzərində hər hansı bir təsiri olduğunu fikirləşmirəm. Əlaqədar ATƏT qurumlarının və bizim də ifadə etdiyimiz kimi, bu seçkilər Ermənistandakı demokratik proseslər üçün irəliləyiş qeyd etməklə yanaşı, eyni zamanda demokratik islahatlar yolunda növbəti addımlar atılmasına ehtiyac olduğunu da göstərdi. Bu seçkilər Ermənistanın daxili siyasəti üçün çox əhəmiyyətli idi, lakin Qarabağ müzakirələrinə hər hansı bir təsiri olduğunu zənn etmirəm.

- Minsk qrupu həmsədrləri və beynəlxalq təşkilatların nümayəndələri bu yay münaqişənin çözülməsində ciddi irəliləyişlər ola biləcəyini ifadə etmişdilər. Sizcə bu çıxışlar müzakirə zəmnindəki reallığı əks etdirirmi?

- Həmsədrlərdən biri olaraq mən özüm belə bir fikir səsləndirmişəm və bu, Azərbaycan və Ermənistanın bir çox informasiya orqanları tərəfindən yayılıb. Mən müzakirələrin mövcüd vəziyyətindən ümidvaram. Əgər Sankt-Peterburqdakı görüşlər yaxşı keçərsə, prezidentlərin əsas prinsiplər barəsində razılığa gəlməsi mümkündür.

Xəbər lenti

Xəbər lenti