Azərbaycan, Bakı /müx. Trend K.Ramazanova / Dağlıq Qarabağdakı "prezident seçkiləri"nin heç bir məntiqi əsası yoxdur. Bunu çərşənbə günü Bakıda Avrokomissiyanın Azərbaycandakı nümayəndəsi Alan Vaddams deyib.
Ermənistanın işğal etdiyi Azərbaycan ərazisində iyulun 19-da keçirilməsi planlaşdırılan "prezident seçkiləri" həmçinin Avropa Şurası və ATƏT tərəfindən pislənilir.
Avrokomissiyanın nümayəndəsi bu "seçkilər"ə görə mənfi mövqeyini ifadə edib və qeyd edib ki, bu seçkilər Avropa ölkələri tərəfindən tanınmayacaq. O bildirib ki, Avropa Birliyi Dağlıq Qarabağı müstəqil struktur kimi tanımayacaq.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ilə təsadüf edir. Səbəb Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməsi olub. Azərbaycan torpaqlarının 20 faizi, konkret olaraq Dağlıq Qarabağ və 7 ətraf rayonu Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-ci ilin mayında tərəflər atəşkəs haqqında razılaşma əldə ediblər və bu vaxtadək ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə hələlik uğursuz sülh danışıqları aparılır.