...

Qarabağ Azadlıq Təşkilatı ermənilərin Bakıya gəlişi ilə bağlı etiraz aksiyalarına hazırlaşır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Sentyabr 2007 14:13 (UTC +04:00)
Qarabağ Azadlıq Təşkilatı ermənilərin Bakıya gəlişi ilə bağlı etiraz aksiyalarına hazırlaşır

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Ermənilərin Bakıya gəlişinə etiraz olaraq Qarabağ Azadlıq Təşkilatı (QAT) sentyabrın 5-6-da şəhərin müxtəlif yerlərində qəfil aksiyalar keçirəcək. Bu barədə bazar ertəsi Trend ə QAT-ın sədri Akif Nağı məlumat verib.

Sentyabrın 5-6-da Bakıda MDB-yə üzv ölkələrin daxili işlər nazirlərinin toplantısı keçiriləcək. Həmin toplantıda Ermənistan Daxili İşlər Nazirliyinin nümayəndələrinin də iştirakı təmin olunacaq. Azərbaycan hökuməti onların təhlükəsizliyinə zəmanət verib.

QAT sədri bildirib ki, Ermənistan hakimiyyəti Qarabağın işğalının unutdurulması üçün Azərbaycanla əlaqələr qurulmasına, gediş-gəliş yaranmasına çalışır. Erməni rəsmilərinin çox rahat şəkildə Bakıda səfərdə olmasına şərait yaratmaq da onların məqsədlərinə xidmət edir. "Ona görə də biz erməni nümayəndələrinin iştirak edəcəyi tədbirin baş tutmamasına çalışacağıq. Daxili İşlər Nazirliyinin bizi xəbərdar etməsinə baxmayaraq, bu qərarımızı dəyişməyəcəyik. Tədbir keçiriləcəyi yerdə, həmçinin şəhərin müxtəlif yerlərində etiraz aksiyalarımız olacaq" - deyə Nağı məlumat verib.

O əlavə edib ki, bu aksiyalara görə növbəti dəfə həbs olunmaq, təzyiqlərlə üzləşmək təhlükəsi onları narahat etmir.

Xatırladaq ki, 2004-cü il iyunun 22-də NATO-nun Bakıda keçirilmiş konfransında Ermənistan zabitlərinin iştirakına etiraz olaraq QAT fəalları həmin toplantıya mane olmağa çalışıblar. Nəticədə etiraz aksiyası keçirən təşkilat fəalları həbs olunub, məhkəmə QAT-ın sədrinə 5 il, 5 nəfər üzvünə 4 il azadlıqdan məhrumetmə cəzası verib. Sonradan Apellyasiya Məhkəməsi həbs qərarını dəyişdirərək QAT sədrinə 2 il, fəallara 1 bir il şərti azadlıqdan məhrumetmə cəzası kəsib.

QAT sədri həmçinin deyib ki, sentyabrın 17-də Bakıda keçiriləcək güləş üzrə dünya çempionatında Ermənistan idmançılarının iştirakına etiraz olaraq da aksiyalar keçiriləcək. Bununla əlaqədar QAT sentyabrın 15-dən başlayaraq şəhərin müxtələf yerlərində piketlər keçirəcək.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

QAT Qarabağın erməni işğalçılarından azad olunması üçün ictimai mübarizəni təşkil etmək məqsədilə 2000-ci ildə Bakıda yaradılıb. Təşkilat öz sıralarında Azərbaycanın tanınmış ziyalıları, qaçqın və məcburi köçkünləri, gəncləri, keçmiş döyüşçüləri, ehtiyatda olan yüksək rütbəli zabitləri birləşdirir.

Xəbər lenti

Xəbər lenti