Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanın mövcud siyasi prosesləri fonunda müxalifət liderlərinin toplantısının keçirilməsi mümkün deyil, şənbə günü Trend ə Azərbaycanın müxalif Vətəndaş və İnkişaf Partiyasının sədri, "Azadlıq" blokunun həmsədri Əli Əliyev bildirib.
"Müxalifət partiyalarının ümumi məqsədə qarşı ayrı-ayrılıqda mübarizə aparmasının tərəfdarıyam"-Əliyev deyib.
Prezident seçkiləri öncəsi müxalifət təmsilçiləri birgə əməkdaşlıq üçün müxtəlif təkliflər səsləndirirlər. Müsavat Deputat Qrupunun üzvü Pənah Hüseyn prezident seçkilərində iştirak edəcək müxalifətçi namizədlərin birliyinin və liderlərin toplantısının keçirilməsini təklif edib. Hazırkı durum isə budur ki, seçkiləri boykot edən "Azadlıq" bloku ilə seçki tərəfdarları arasında heç bir səviyyədə əməkdaşlıq mövcud deyil. "Azadlıq" blokunda müxalifətin üç- Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Vətəndaş və İnkişaf Partiyası (VİP), Azərbaycan Liberal Partiyası təmsil olunur.
VİP sədri bildirib ki, sonrakı proseslərdə müxalifət liderlərinin əməkdaşlığı mümkün ola bilər. "Azadlıq" bloku hazırda cəmiyyətdə yalançı ümidlərin verilməsinin əleyhinədir. Əliyev deyib ki, partiyalardan müraciət olunduğu halda, "Azadlıq" blokuna yeni üzvlər qəbul edilə bilər.
Vətəndaş və İnkişaf Partiyası 2006-cı ildə təsis olunub. Həmin vaxta qədər bu partiyanın üzvləri Azərbayan Milli İstiqlal Partiyasında (AMİP) təmsil olunublar. AMİP-də baş vermiş parçalanma nəticəsində, Əli Əliyevin tərəfdarları öz qurultaylarını keçirərək, VİP-i təsis ediblər. VİP "Azadlıq" siyasi blokunun üzvüdür.