...

İranlı hüquq müdafiəçisi: " İran prezidentinin Nyu-Yorkda ölkəsində demokratiyanın olması barədə dedikləri həqiqətə uyğun deyil"

Siyasət Materials 28 Sentyabr 2007 16:53 (UTC +04:00)
İranlı hüquq müdafiəçisi: " İran prezidentinin Nyu-Yorkda ölkəsində demokratiyanın olması barədə dedikləri həqiqətə uyğun deyil"

Azərbaycan, Bakı / Trend , müxbir D.Xatınoğlu/ Iranda fəaliyyət qöstərən hüquq müdafiəçilərinin bir çoxu prezident Mahmud Əhmədinejadın Nyu-Yorkda İranın ən demokratik ölkə olması ilə bağlı dediklərinin həqiqətə uyqun olmamasını bəyan edirlər. "İran prezidentinin Nyu-Yorkda, ölkə daxilində demokratiyanın olması barədə dedikləri həqiqətə uyğun deyil"- deyə, Kanadada fəaliyyət göstərən iranlı hüquq müdafiəçisi və Güney Məhbusları Müdafiə təşkilatının sədri Faxtə Zəmani bildirib.

İran prezidenti sentyabrın 21-25-dək Nyu-York səfərində müxtəlif çıxışlarında və müsahibələrində İranın ən demokratık və sərbəst ölkə olduğunu vurğulayaraq, söz və mətbuat azadlığının ölkədə yetərincə mövcluğunu bildirib. İran prezidenti ölkədə homoseksualların edam olunmasını təkzib edərək, İranda homoseksualizmin olmadığını deyib.

İranın Güney Azərbaycan əsilli hüquq müdafiəçisi Zəmani cümə günü Kanadadan telefonla Trend ə bildirib ki, Əhmədinejad Nyu-Yorkda açıq-aşkar yalan danışıb. " Dünya hüquq müdafiəçiləri dəfələrlə beynəlxalaq hüquq müdafiə təşkilatlarına sənədlərlə müraciət edərək, İranda insan haqlarının pozulması ilə bağlı şikayət ediblər. Əhmədinejadın həqiqətə uyğun olmayan bəyanatı bir daha dünyaya sübut etdi ki, İran rəsmilərinin sözlərinə inanmaq olmaz". Zəmani əlavə edib: " İranda yaşayan etniklərə və qeyri-müsəlmanlara hədsiz dərəcədə təzyiq var. Söz azadlığı, mətbuatın sərbəstliyi və insan haqlarından söhbət açmaq gülüncdür".

İsveçrədə fəaliyyət göstərən iranlı hüquq müdafiəçisi Dr.Zəhra Erfani cümə günü Trend ə bildirib ki, 1979-cu il İran inqilabından bəri minləlrə siyasi şəxs dara çəkilib. "1988-ci ilin sentyabrında 30 min siyasi şəxs edam olunub və hazırda da edamlar davam edir. Əhmədinejadın prezidentliyi dövründə, rəsmi statistikaya əsasən, 453 nəfər dara çəkilib" deyə, o əlavə edib.

İran prezidentinin iddialarına rəğmən, İranın daxilində və xaricində fəaliyyət göstərən hüquq müdafiəçilər bu iddiaların əsassız olduğunu və həqiqətə uyğun olmamasını bildirirlər. Almaniyada fəaliyyət göstərən iranlı hüquq müdafiəçisi və Dünyada Edam Əleyhinə kampaniyanın sədri Mina Əhədi cümə günü Berlindən telefonla Trend ə homoseksualların İranda edam olunmasını təsdiq edərək, sentyabrın 22-də 16 yaşlı gəncin məhz buna görə edam olunmasını xəbər verib. "İranda edama məhkum olunmuş 72 yeniyetmə İran həbsxanalarında saxlanılır və bu, beynəlxalq insan haqları konvensiyasına ziddir. İranda insan haqqları mütəmadi olaraq pozulur"- deyə Əhədi bildirib.

Sərhədsiz Reportiorlar Təşkilatı sentyabrın 26-da Əhmədinejada açıq məktubla müraciət edərək, bildirib ki, 2007-ci ildə İranda, ən azı, 73 jurnalist həbs olunub, iki jurnalist edama məhkum olunub, yüzlərlə medianın fəaliyyətinə qadağa qoyulub və 170 jurnalist söz azadlığının olmamasına etiraz olaraq, bəyanat verib. Bundan əlavə, İran Orta Şərqdə, jurnalistlərin həbsinə görə birinci yeri tutur.

Nobel mukafatçısı, hüquq müdafiəçisi Şirin Ebadi qadın haqları müdafiəçilərinin repressiyaya məruz qaldığını deyib. BMT-nin İnsan Haqları üzrə komissari Luis Arbora İranda hazırda 50 -dən çox qadın hüquq müdafiəçisinin həbsdə olduğunu bildirib.

Bədrəssadat Mofidi İran Jurnalistlər Fondunun katibi Əhmədinejadın bəyanatına etiraz edərək, sentyabrın 28-də Almaniyanın "Duyçevele" agentliyinə verdiyi müsahibədə, İranda diktaturanın son həddə olduğunu bildirərək, əlavə edib:"Əhəmdinejad İranda söz azadlığının olmadığını, mediaya sonsuz repressiyaların tətbiq olunmasını bilərək, Nyu-Yorkda həqiqətə uyğun olmayan çıxışlar edib".

Xəbər lenti

Xəbər lenti