...

AXCP icra hakimiyyəti orqanlarını ittiham edir

Siyasət Materials 26 Oktyabr 2007 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qurultayının keçirilməsində ciddi problemlər var və qurultay təxirə salına bilər. Bu barədə cümə günü AXCP sədrinin təşkilatı məsələlər üzrə müavini Həsən Kərimov məlumat verib.

"Yerli icra hakimiyyəti orqanları AXCP-nin rayon və şəhər təşkilatlarının qurultaya hazırlıq üzrə konfranslar keçirmələrinə imkan vermirlər. Partiyanın rayon və şəhər təşkilatları konfransların keçirilməsi üçün yer ayrılması ilə bağlı icra hakimiyyətlərinə müraciət etsələr də, müvafiq yerlər ayrılmır", -deyə AXCP sədrinin müavini əlavə edib.

AXCP Rəyasət Heyəti bir necə ay əvvəl, 2007-ci ilin sonunadək partiyanın qurultayının keçirilməsi haqqında qərar qəbul edib və qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb. Qurultayda partiya rəhbərliyinin hesabatının dinlənilməsi, yeni sədr seçkisinin keçirilməsi və AXCP-nin prezidentliyə namizədinin irəli sürülməsi nəzərdə tutulub.

Onun sözlərinə görə, konfranslar keçirilmədiyinə görə, qurultay 2007-ci ilin sonuna qədər baş tutmaya bilər: "Əgər konfransları başa çatdıra bilməsək, AXCP-nin qurultayı 2008-ci ilin yaz aylarına keçiriləcək".

Müxalifəti təmsil edən AXCP hazırda "Azadlıq" siyasi blokunun üzvü və həmtəsisçisidir. Partiyanın qurucusu və 2000-ci ilə qədər sədri Azərbaycanın eks-prezidenti mərhum Əbülfəz Elçibəy olub. 2000-ci ildən indiyədək AXCP-yə keçmiş dövlət katibi, sabiq deputat Əli Kərimli sədrlik edir.

2006-cı ilin noyabr ayında AXCP 13 il məskunlaşdığı Xəqani 33 ünvanındakı qərərgahdan çıxarılıb.

Xəbər lenti

Xəbər lenti