Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Yalnız siyasi partiyalarla məhdudlaşan müxalifət düşərgəsinin gələnilki prezident seçkisində qalib gəlmək şansı yoxdur. Bu fikirləri Trend ə açıqlamasında müstəqil politoloq Eldar Namazov bildirib.
Namazov qeyd edib ki, müxalifət düşərgəsinin çərçivəsi siyasi partiyalarla məhdudlaşır. Lakin demokratik düşərgə çox genişdir və ora heç bir siyasi partiyalara aidiyyatı olmayan QHT-lər, bitərəf sadə insanlar, biznes elitası, ziyalılar, icitmai xadimlər daxildir. Namazov hesab edir ki, yalnız siyasi partiyaların təmsil olunduğu müxalifət düşərgəsi prezident seçkisində qalib gələ bilməyəcək, lakin demokratik düşərgənin seçkidə kifayət qədər şansı var. "İndiyə qədər prezident seçkilərində yalnız siyasi partiyaların namizədləri iştirak edib, ona görə də müxalifət heç bir uğur əldə etməyib. Deməli, bu ənənəni dəyişmək lazımdır" - deyə Namazov bildirib.
Onun fikrincə, müxalifət düşgəsinin ənənəvi səhvi əvvəlcə seçkidə iştirak etməyə qərar verib, ondan sonra cəmiyyətdən dəstək ala bilib-bilməyəcəklərini öyrənməsidir. Politoloq hesab edir ki, gələnilki prezident seçkisində iştirak etmək üçün əvvəlcə indiki iqtidarın siyasətinə alternativ siyasi kursun, inkişaf strategiyasının olub-olmadığını müəyyənləşdirmək lazımdır. Əgər bu varsa, sonra həmin alternativ strategiyanın Azərbaycan cəmiyyəti tərəfindən nə dərəcədə dəstəkləndiyini öyrənmək lazımdır. Əgər kifayət qədər dəstək varsa, o zaman üçüncü məsələni həll etmək lazımdır - cəmiyətdən dəstək alan, iqtidara real alternativ strategiya ilə kim irəli çıxmalıdır.
Namazov bildirib ki, bu məsələlərlə bağlı öz qərarını yaxın zamanda açıqlayacaq.
O, özünün prezidentliyə namizəd olacağını istisna etməyib.