...

Kommunistlərin qurultayının vaxtı müəyyənləşib

Siyasət Materials 29 Noyabr 2007 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ İki hissəyə parçalanan Azərbaycan Kommunist Partiyasının (AKP) Rauf Qurbanovun rəhbərlik etdiyi qanadı dekabrın ikinci ongünlüyündə qurultay keçirəcək. Bu barədə cümə axşamı AKP-nin qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Rauf Qurbanov məlumat verib.

Onun sözlərinə görə, partiyanın 36 şəhər və rayon təşkilatında 37-ci qurultaya hazırlıq üzrə konfrans keçirilib və qurultaya nümayəndələr seçilib. Dekabrın 1-dək konfransların keçirilməsi başa çatacaq.

AKP sədri Ramiz Əhmədov oktyabrın əvvəllərində vəfat edib. Bundan sonra AKP-də daxili narazılıq və qarşıdurma yaranıb və kommunistlər sədrin müavinləri Rauf Qurbanovla Rüstəm Şahsuvarovun tərəfdarlarından ibarət iki hissəyə parçalanıblar. Kommunistlərin bir hissəsi oktyabrın ortalarında qurultay keçirib və Şahsuvarovu sədr seçiblər.

Qurbanov qeyd edib ki, qurultayda təşkilatı məsələlər müzakirə olunacaq.

"Qurultayda AKP-nin yeni sədri, sədr müavinləri, Mərkəzi Komitənin üzvləri və komissiya sədrləri seçiləcək" - deyə Təşkilat Komitəsinin sədri əlavə edib.

O bildirib ki, sədrliyə namizədliyini irəli sürməyi planlaşdırır. Hələlik alternativ namizədlər qeydə alınmayıb.

Qurultayda Beynəlxalq Kommunist İttifaqından, Rusiya, Ukrayna və digər ölkələrdən nümayəndələr iştirak edəcəklər.

Azərbaycanda kommunist ideologiyasına əsaslanan partiya hələ "böyük oktyabr sosialist inqilabı" adlanın çevrilişdən əvvəl, 1903-cü ildə yaradılıb. O vaxt "Hümmət" adlanan partiyanın liderləri məşhur dövlət xadimləri Məşədi Əzizbəyov, Nəriman Nərimanov və digərləri olub. SSRİ dağıldıqdan sonra müstəqillik dövründə Azərbaycan Kommunist Partiyası 1993-cü ildə bərpa olunub. O vaxtdan ölənə qədər AKP-nin sədri Ramiz Əhmədov olub.

Solçu partiya olan AKP özünü iqtidara qarşı konstruktiv müxalifət hesab edir.

Xəbər lenti

Xəbər lenti