...

Qulamrza Təbrizi birləşmiş DAK-ın sədrliyinə namizəd olacaq

Siyasət Materials 5 Dekabr 2007 17:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Dünya Azərbaycanlıları Konqresi (DAK) ilə Demokratik Dünya Azərbaycanlıları Konqresi (DDAK) birləşmək haqqında saziş imzalayıblar. Bu barədə Trend ə DAK-ın sədri Qulamrza Səbri Təbrizi məlumat verib. Sazişdə bir sıra vəzifələrin yerinə yetirməsinə dair qarşılıqlı öhdəlik götürülüb -

birləşdrici qurultaya qədər birgə əməkdaşlıq etmək, bu dövrdə birgə tədbirlər təşkil etmək, dünya azərbaycanlılarının hüquqlarının qorunması üçün birgə fəaliyyət proqramının hazırlanması, həmçinin, qarşılıqlı ittihamlardan çəkinmək, qarşı tərəfin mənafeyinə zidd hərəkətlərə, məlumatlara yol verməmək lazımdır.

Sazişi Birləşdirici Komissiyasının DAK-dan olan sədri Sabir Rüstəmxanlı və DDAK üzrə sədri Əhməd Obalı imzalayıblar.

Təbrizi bildirib ki, birləşdirici qurultay Azərbaycanın ilk müstəqilliyi günü münasibətilə, gələn il mayın 28-də keçiriləcək. Təbrizinin sözlərinə görə, qurultayda sədrliyə hər iki tərəfdən namizədlər veriləcək. O, özü namizədliyini irəli sürəcəyini deyib: "Mən də namizəd olacağam, başqa şəxslər də namizədliyini verə bilər. Kim dah çox səs qazansa, o da sədr seçiləcək"-deyə Təbrizi bildirib.

DAK-ın bir qrup üzvü təşkilatın DDAK-la birləşməsinə və Təbrizinin fəaliyyətinə etiraz edərək, DAK-ın fövqəladə qurultayını keçirməyə hazırlaşır. Onlardan Rəhim Şahbazi, Səməd Fərtaş iddia edirlər ki, Qulamrza Təbrizi İranın rəsmi nümayəndələri ilə gizli danışıqlar aparır, DDAK-ın təmsilçisi Obalını DAK-a sədr seçdirmək istəyir.

Təbrizi bildirib ki, İran nümayəndələri ilə nə görüşür, nə də danışıqlar aparır. O deyib ki, Obalı DAK-a sədr seçilmək istəmir və sədrliyə namizədliyini vermək niyyətində də deyil: "Bütün bu yalançı ittihamları irəli sürənlər DAK-ın iyulda keçirilmiş qurultayında ya iştirak etməyib, ya da rəhbər vəzifələrə seçilə bilməyiblər, ona görə də bizim işimizə ləkə vurmaq istəyirlər" - deyə Təbrizi bildirib.

DAK 1997-ci ildə ABŞ-da yaradılıb. Təşkilat dünyada yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi və Güney Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparır.

DAK 2003-cü ildə iki yerə bölünmüşdü, o vaxtkı sədr Cavad Derəxtinin fəaliyyətinə etiraz edən qrup təşkilatdan ayrılaraq, özlərinin DAK adı altında qurumlarını yaratdılar. Sonradan onlar təşkilatın adında dəyişiklik edərək, Demokratik DAK adlandırıblar.

Xəbər lenti

Xəbər lenti