...

Azərbaycan müxalifətində ciddi dəyişikliyə ehtiyac var - müxalifət partiyasının sədri

Siyasət Materials 6 Dekabr 2007 15:55 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Azərbaycan siyasətində, əsasən də müxalifət düşərgəsində yeniliyə ciddi ehtiyac var. "Yeni fikir, iş və nəticə olmayanda insanlar siyasətdən uzaqlaşır. Partiyalara, siyasətçilərə olan inam azalır. Ona görə də Azərbaycan müxalifəti və bütövlükdə siyasi düşərgə çətin durumdadır" - deyə cümə axşamı müxalifəti təmsil edən İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı bildirib.

2005-ci ilin parlament seçkilərindən sonra Azərbaycan müxalifəti bir neçə hissəyə bölünüb. Bu müddət ərzində müxalifət partiyalarının və müxalifətçi siyasətçilərin əməkdaşlıq formulunu tapmaq mümkün olmayıb.

Abbaslı iddia edir ki, müxalifət düşərgəsində monopoliya hökm sürür: "Ortada isə heç bir nəticə yoxdur. Özlərini aparıcı sayan partiyalar müxtəlif dövrlərdə reallığa uyğun olmayan təkliflərlə çıxış ediblər. Bu onlara olan inamı azaldır. Eyni zamanda, nəticə etibarı ilə belə siyasi oyunlar yaxşı fikirlərin, yeni ideyaların və liderlərin ortaya çıxmasına mane olur".

Partiya sədri vurğulayıb ki, həm cəmiyyətdə, həm də müxalifət düşərgəsində səsləndirilən "hazırkı liderlər siyasi səhnədən getməlidir" ifadəsi bir neçə ildir davam edən prosesin nəticəsidir.

Dini yönümlü İslam Demokrat Partiyası 2002-ci ildə yaradılıb.

Xəbər lenti

Xəbər lenti