Azərbaycan, Bakı / Trend müxbir Q.Cəbiyev/ Eks-spiker, ABŞ-da mühacir həyatı yaşayan Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyası (ACP) siyasi arenada olan müxalifət liderlərinin prezident seçkilərində qələbə qazanacağına inanmır. "Ötən prezident və parlament seçkilərində iştirak edən müxalifət liderləri öz missiyalarını həyata keçiriblər və onların artıq seçki missiyası bitib", cümə günü Trend ə ACP liderinin müşaviri Zəminə Dünyamalıyeva bildirib.
Azərbaycanda prezident seçkiləri gələn ilin oktyabrında keçiriləcək. Hakim Yeni Azərbaycan Partiyası indiki prezident İlham Əliyevin namizədliyini irəli sürüb. Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf Partiyalarının birləşdiyi "Azadlıq" Bloku isə seçki komissiylarının tərkibi paritet əsasda formalaşmayacağı təqdirdə seçkiləri boykot edəcəyini bildirib. Quliyevin lideri olduğu ACP isə hələlik seçkidə iştirakla bağlı konkret qərar verməyib. Partiya Quliyevin gələn ilin birinci yarısına kimi ölkəyə qayıdacağına çalışacağını açıqlayıb.
Dünyamalıyeva hesab edir ki, 2008-ci ildə müxalifət liderlərinin əsas lider kimi önə çıxması mümkünsüzdür. "Ümumiyyətlə, indiki vəziyyət gələn il müxalifətə uğurlu heç nə vəd etmir. Bu mənim birmənalı mövqeyimdir" Dünyamalıyeva əlavə edib. Onun sözlərinə görə, ACP bütün müxalifət qüvvələrinin bir araya gəlməsinin tərəfdarıdır. Əks təqdirdə partiya bir neçə partiyanın bloklaşmasında iştirak etməyəcək.
Müxalifətyönlü ACP bu ilin aprelində təsis olunub. Partiyanın lideri Azərbaycanın eks-spikeri, hazırda mühacirətdə yaşayan Rəsul Quliyevdir. Bu ilin fevralınadək ADP-nin sədri olmuş Quliyev və onun tərəfdarları etiraz olaraq ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Partiyasını yaradıblar.