...

Bakı Tehrana təhlükəsizlik orqanları arasında görüş keçirməyi təklif edir

Siyasət Materials 17 Dekabr 2007 15:44 (UTC +04:00)
Bakı Tehrana təhlükəsizlik orqanları arasında görüş keçirməyi təklif edir

Azərbaycan, Bakı / Trend E.Hüseynov/ Bakı İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən cinayətkar qrupun həbs edilməsi ilə bağlı Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin yaydığı məlumatın İran tərəfində narazılıq doğurması ətrafında yaranan məsələni həll etmək üçün Tehrana təhlükəsizlik orqanları arasında görüş keçirməyi təklif edir.

"İran XİN-in nümayəndələri ilə görüşdə bu məsələyə aydınlıq gətirmək üçün müvafiq orqanlar arasında görüş keçirməyi təklif etdik" - deyə bazar ertəsi Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov telefonla Trend ə müsahibəsində bildirib.

"Tehran Times" qəzeti bu günlərdə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin İranın xüsusi xidmət orqanları, İran İslam İnqilabının Müdafiə Korpusu - "SEPAH" ilə hakimiyyəti devirmək məqsədilə əməkdaşlıq edən "Səidin dəstəsi" cinayətkar qrupun həbs olunması barədə yaydığı məlumatın İran hökumətinin narazılığına səbəb olması barədə məlumat yayıb. Qəzetin məlumatına görə, bununla əlaqədar olaraq Azərbaycan səfiri şənbə günü İranın Xarici İşlər Nazirlyinə çağırılıb. Nazirlik "bəzi KİV-in və dövlət orqanlarının əsassız ittihamları" ilə bağlı narazılığını bildirib və Bakının rəsmi olaraq üzr istəməsini tələb edib.

Səfir İran XİN-in nümayəndələri ilə görüşdüyünü təsdiq edib. "Biz söhbət etdik, lakin Azərbaycanın ünvanına heç bir nota səsləndirilmədi" - deyə dipolomat bildirib. Səfirin sözlərinə görə, hərtərəfli, uğurlu İran-Azərbaycan əməkdaşlığını nəzərə alsaq, bu məsələnin ən yaxşı həlli yolu iki ölkənin Təhlükəsizlik nazirliklərinin nümayəndələrinin görüşü ola bilər.

Azərbaycanda hakimiyyəti zorla ələ keçirməyi planlaşdıran və 2007-ci ilin yanvarında həbs olunmuş "Səidin dəstəsi" kimi tanınan (dəstənin rəhbəri Səid Dadaşbəylinin adı ilə) silahlı qruplaşmaya dekabrın 10-da hökm oxunub.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə qruplaşmanın 14 üzvünü 2 ildən 14 ilədək azadlıqdan məhrum edib. Onlar dövlətə xəyanət etməkdə, ölkədə hakimiyyəti zorla ələ keçirmək üçün hazırlıq işləri görməkdə, qanunsuz silah saxlamaqda, saxta pullar hazırlamaqda və yaymaqda, narkotik vasitələr saxlamaqda və yaymaqda günahkar bilinirlər.

Xəbər lenti

Xəbər lenti