...

Azərbaycanlı müşahidəçilər Özbəkistanda prezident seçkilərinin demokratik keçdiyini bildirirlər

Siyasət Materials 24 Dekabr 2007 18:28 (UTC +04:00)
Azərbaycanlı müşahidəçilər Özbəkistanda prezident seçkilərinin demokratik keçdiyini bildirirlər

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanlı müşahidəçilər hesab edirlər ki, Özbəkistanda prezident seçkiləri azad və demokratik şəraitdə keçirilib və səsvermə zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb. "Prezident seçkiləri Özbəkistanın demokratiya yolunda atdığı böyük bir addım oldu",- bazar ertəsi Trend ə beynəlxalq müşahidəçi kimi, Özbəkistanda keçirilən prezident seçkilərini müşahidə etmiş Azərbaycan parlamenti nümayəndə heyətinin üzvü, Eldar İbrahimov bildirib.

Bazar günü Özbəkistanda prezident seçkiləri keçirilib. Bir nəfər qadın da daxil olmaqla, dörd namizəd prezident kürsüsü uğurunda mübarizə aparıb. Onlar arasında hazırkı dövlət başçısı İslam Kərimov daha şanslı hesab olunurdu. Səsvermədə 14 milyon 765 min 447 nəfər seçici iştirak edib. Bu da seçicilərin ümumi sayının 90,7%-ni təşkil edir.

ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar səsvermənin beynəlxalq normalara və demokratik qaydalara uyğun keçirilmədiyini bəyan ediblər. Seçki prosesini Azərbaycan parlamentinin birinci vitse-spikeri Ziyafət Əsgərovun rəhbərlik etdiyi üç nəfərdən ibarət parlament nümayəndə heyəti müşahidə edib.

İbrahimovun sözlərinə görə, azərbaycanlı müşahidəçilər paytaxt Daşkənddə yerləşən seçki məntəqələrində səsvermənin gedişini müşahidə ediblər. O vurğulayıb ki, Özbəkistanda səsvermə prosesi ölkə qanunvericiliyinə və beynəlxalq normalara uyğun təşkil olunub: "Bizim olduğumuz məntəqələrdə heç bir qanun pozuntusu baş verməyib. Seçicilər tam sərbəst şəkildə istədikləri namizədə səs veriblər. Məntəqələrdə şəffaf seçki qutuları qoyulmuşdu, qutulara qanunsuz olaraq bülleten atılması, bir nəfərin bir neçə seçicinin əvəzində səs verməsi, seçicilərin kiməsə səs verməyə məcbur edilməsi kimi hallar baş verməyib. ABŞ, Rusiya, Çin, Almaniyadan olan müşahidəçilər də seçkinin demokratik keçirildiyini bəyan ediblər".

İbrahimov ATƏT və digər beynəlxalq təşkilatların seçkini tənqid etmələrini əsassız itthamlar hesab edir. Onun fikrincə, ATƏT və Avropa Şurası yalnız rəngli inqilablar baş verən ölkələrdə keçirilən seçkiləri müsbət qiymətləndirirlər.

Xəbər lenti

Xəbər lenti