...

Azərbaycan Parlamentində işıq, qaz problemi qaldırılıb

Siyasət Materials 25 Dekabr 2007 15:15 (UTC +04:00)
Azərbaycan Parlamentində işıq, qaz problemi qaldırılıb

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycan Parlamentində ölkədə mövcud olan işıq, qaz problemi ilə bağlı məsələ qaldırılıb. "Bakının Binəqədi rayonu ərazisində gün ərzində işıq bir neçə dəfə söndürülür, qaz isə elə bir səviyyədə verilir ki, əhali ondan heç cür istifadə edə bilmir", deyə Milli Məclisin çərşənbə axqşamı keçirilən iclasında müxalifəti təmsil edən Musavat deputat qrupunun üzvü Arzu Səmədbəyli bildirib.

Müxalifəti təmsil edən "Ümid" partiyasının sədri, deputat İqbal Ağazadə isə qeyd edib ki, Bakının Xətai rayonunda həftədə 3 dəfə saat 13:00-dən 17:00-dək işıq kəsilir.

"İşıq idarələrindən bildirirlər ki, Bakı rayonlarına işığın verilməsinə limit təyin olunuub. Bu məsələyə aydınlıq gətirilməlidir. İstifadə olunan işığın qiyməti artırılıb. Onda nəyə görə limit təyin olunmalıdır. Zəhmət çəkib, əhalinin işığını normal şəkildə versinlər" - Ağazadə bildirib.

Deputat Əli Məsimli isə bildirib ki, qış mövsümünün başlanması ilə əlaqədar olaraq qaz və işıqla təminatda problemlər yaranıb. Onun sözlərinə görə, Şəki rayonuna qazın verilməsi tamamilə dayandırılıb: "Qışın ortasında qaz və işığın kəsilməsi məsələsinə son qoyulmalıdır. Bir rayonda bütövlükdə işıq və qazın kəsilməsi doğru deyil və bu praktikaya son qoyulmalıdır. Nəyə görə pul ödəyən vətəndaşların qazı və işığı kəsilməlidir".

Musavat deputat qrupunun üzvü Pənah Hüseyn isə təkilf edib ki, kommunal xərclər üzrə vətəndaşların yığılan borcları dövlət tərəfindən silinsin: "Heç olmasa bayram axşamında və bayram günü işığı və qazı kəsməsinlər".

Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu deyib ki, Sabunçu rayonunda səhər saatlarından başlayaraq saat 15-dək işıq olmur.

Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov isə bildirib ki, ölkədə işıq və qazın verilməsi ilə bağlı ciddi problemlər mövcüd deyil. Novruzov hesab edir ki, problemlərin olmaması üçün əhali istifadə etdiyi işıq və qazın pulunu ödəməlidir.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə bu problemlə bağlı danışan deputatları əhalinin zəif nöqtələrindən istifadə edərək şou yaratmaqda ittiham edib: "Ola bilsin ki, bəzi yerlərdə işıq və qazın verilməsində problemlər var. Bu da yenidənqurma işləri ilə əlaqədardır. Ölkədə qaz və işıq problemi yoxdur".

Xəbər lenti

Xəbər lenti