Azərbaycan, Bakı, 25 yanvar / Trend , müxbir S.İlhamqızı/ Gürcüstanda azərbaycanlıların yeni yaradacağı siyasi partiya "Gürcüstan naminə" adlanacaq və parlament seçkisində 150 nəfər namizədlə iştirak edəcək. Bu barədə cümə günü Trend ə Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının rəhbəri Daşqın Gülməmmədov məlumat verib.
Onun sözlərinə görə, gələn həftə Tbilisidə partiyanın təsis konfransı keçiriləcək.
Təsis konfransında yeni yaradılacaq partiyanın Nizamnaməsi qəbul olunacaq, fəaliyyət istiqamətləri müəyyənləşdiriləcək, ali orqanları formalaşdırılacaq, sədri seçiləcək.
Yeni partiyanın sədrliyinə Fazil Məmmədov namizəd olacaq, həmçinin, Daşqın Gülmmədovun da namizədliyinin irəli sürləcəyi gözlənilir.
Gülməmmədovun sözlərinə görə, "Gürcüstan naminə" partiyası indiki iqtidara qarşı müxalifətdə olacaq. Həmçinin, partiya bu ilin mayında Gürcüstanda keçiriləcək parlament seçkisində iştirak edəcək. Gülməmmədovun dediyinə görə, partiya parlament seçkisində proporsional siyahı üzrə 150 nəfərlik namizədlə iştirakını planlaşdırır: "Onlardan 40-a yaxını azərbaycanlı olacaq, qalanları gürcülər və digər millətlərin nümayəndələri olacaq. Hesab edirik ki, ən azı, 20 nəfərimiz qalib gələ biləcək" - deyə GAMA rəhbəri qeyd edib.
Qeyri-rəsmi məlumatlara görə, Gürcüstanda 500 min nəfər yerli azərbaycanlı yaşayır. Onlar, əsasən, Borçalı (Kvemo-Kartli) bölgəsində kompakt halda yaşayırlar.