...

ABŞ Azərbaycanda demokratik prezident seçkisinin keçirilməsinə kömək edəcək - səfir

Siyasət Materials 28 Yanvar 2008 17:49 (UTC +04:00)
ABŞ Azərbaycanda demokratik prezident seçkisinin keçirilməsinə kömək edəcək - səfir

Azərbaycan, Bakı, 28 yanvar / Trend , müxbir C.Babayeva / ABŞ, Azərbaycan tarixində ən demokratik prezident seçkisinin keçirilməsinə kömək etmək niyyətindədir. Prezident seçkisi oktyabrda keçiriləcək.

"Amerika bunu beynəlxalq təşkilatlar və Azərbaycan hökuməti ilə birgə edəcək",-- bazar ertəsi Bakıda ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi deyib.

Azərbaycanın əsas müxalifət partiyaları öz namizədləri ilə seçkidə iştirak edəcəklərini bildiriblər. Üç müxalifət partiyasını birləşdirən "Azadlıq" bloku Seçki Məcəlləsinə "minimal demokratik seçki şərtlərinin" əlavə edilmədiyi təqdirdə, prezident seçkisini boykot edəcəklərini bildirib.

Seçkiqabağı Seçki Məcəlləsinin təkmilləşdirilməsi məsələsi müzakirə edilir. Azərbaycanın seçki sisteminə dair Avropa İttifaqının Venesiya Komissiyasının ekspertləri ilə növbəti müzakirələr fevralın birinci həftəsi Bakıda baş tutacaq.

Bu məsələlər üzrə işləri payızda yekunlaşdırmaq nəzərdə tutulsa da, müxalifət partiyalarının seçki komissiyasının tərkibinin müəyyənləşdirilməsi ilə bağlı mövqeyinə görə proses uzanıb. Üç müxalifət partiyasını birləşdirən "Azadlıq" bloku, iyunda Azərbaycanın Seçki Məcəlləsində dəyişikliklər və əlavələrin edilməsinə dair təklif paketini Venesiya Komissiyasına göndərib. Seçki komissiyasının tərkibini paritet əsasda formalaşması məsələsi təklif paketində əks edilib.

Noyabrın əvvəlində Bakıda Venesiya Komissiyasının, ATƏT, hökumət nümayəndələrinin və ilk dəfə olaraq, Azərbaycan partiyalarının nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib. Görüşün gedişində seçki komissiyasının tərkibi və seçki prosesləri ilə əlaqədar qərarlardan şikayət edilməsi məsələləri müzakirə edilib.

Azərbaycanın hazırki Seçki Məcəlləsinə əsasən, şikayətlərə ali seçki komissiyaları və məhkəmələr baxır. Venesiya Komissiyasının nümayəndələri şikayətlərin baxılma müddətinin azaldılmasını təklif ediblər.

Venesiya Komissiyası, ATƏT və Azərbaycan hökuməti tərəfindən seçki zamanı barmaqların nişanlanması haqında maddə Məcəlləyə daxil edilib. Tərəflər seçki zamanı zərflərdən istifadə edilməməsi razılığına gəliblər.

Venesiya Komissiyasının Azərbaycan hökuməti ilə Seçki Məcəlləsinə dair danışıqlarının yazda tamamlanacağı nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti