...

Azərbaycan XİN başçısının müavini: Azərbaycanla Rusiyanın sərhədlərin razılaşdırılmamış hissələrinə dair mövqeləri yaxınlaşıb

Siyasət Materials 30 Yanvar 2008 00:32 (UTC +04:00)
Azərbaycan XİN başçısının müavini: Azərbaycanla Rusiyanın sərhədlərin razılaşdırılmamış hissələrinə dair mövqeləri yaxınlaşıb

Rusiya, Moskva, 29 yanvar / Trend müxbir R.Ağayev / Azərbaycanla Rusiyanın sərhədlərin razılaşdırılmamış hissələri ilə bağlı mövqeləri yaxınlaşıb. Bu barədə Trend ə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib. O qeyd edib ki, Azərbaycan tərəfi Azərbaycan-Rusiya sərhədinin delimitasiyası ilə bağlı Moskvada keçirilən danışıqların nəticələrindən razıdır.

Xələfov bildirib ki, yanvarın 29-da Moskvada Rusiya-Azərbaycan sərhədinin delimitasiyası üzrə hökumətlərarası komissiyanın 15-ci toplantısı başa çatıb. Onun sözlərinə görə, toplantıda razılaşdırılmamış ərazilərlə bağlı müzakirələr davam etdirilib. Həmçinin ümumi anlaşma yolları və mövcud imkanlar nəzərdən keçirilib.

"Sərhədin üç razılaşdırılmamış hissəsi ilə bağlı mövqelərin yaxınlaşdığını söyləmək olar. Üç ərazidən biri qismən komissiyanın Bakıdakı toplantısında razılaşdırılıb, digər iki ərazi ilə bağlı müzakirələr davam etdirilməlidir, müvafiq koordinatları konkretləşdirmək lazımdır ki, onların delimitasiya prosesi yekunlaşsın" - deyə nazir müavini vurğulayıb.

Xələfov əmindir ki, əldə olunmuş razılaşmanın ümumi sənəd halına salınması üçün bir daha bütün işlənən materialları və bu əsasları nəzərdən keçirmək lazımdır. O həmçinin ümidvar olduğunu bildirib ki, növbəti görüşdə yaxınlaşdırılan mövqelərin əsasında üç ərazinin hamısı ilə bağlı ümumi razılaşma əldə olunacaq.

Xələfov həmçinin qeyd edib ki, komissiyanın iclasında "Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasındakı sərhədlə bağlı müqavilə" layihəsi müzakirə olunub və bu layihə ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər bu layihəni əsas kimi götürüblər. Xələfovun fikrincə, sənəd müvafiq prosedurlara uyğun işləniləcək.

"Ümummilikdə biz Moskvadakı danışıqların nəticələrindən razıyıq. Çünki aparılan fikir mübadiləsi və müzakirə olunan məsələlər biz düşünməyə əsas verir ki, sərhədin üç hissəsi ilə bağlı mövqelərin yaxınlaşması var" - deyə nazir müavini bildirib.

Rusiya XİN başçısının müavini Qriqori Karasinlə görüşün nəticələrini və müzakirə olunan məsələləri şərh edən Xələfov bəyan edib ki, görüş zamanı Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin bəzi aspektlərinə toxunulub.

"Konkret olaraq biz sərhədlərin delimitasiyası prosesinin yekunlaşması, daha doğrusu razılaşdırılmamış hissələrlə bağlı fikir mübadiləsi apardıq. Söhbət əsnasında iki ölkənin ərazisində televerilişlərin qarşılıqlı yayımı məsələsinə toxunulub və bu istiqamətdə işin davam etdirilməsi ilə bağlı anlaşma əldə olunub. Yəni, hazırda bu sahədə əməkdaşlıq formaları öyrənilir. Müvafiq strukturlar arasındakı iş davam etdiriləcək, nəticədə bu, həmin prosesə öz təsirini göstərəcək" - deyə Xələfov bildirib.

Nazir müavini həmçinin diqqətə çatdırıb ki, sərhədlərin delimitasiyası üzrə komissiyanın növbəti görüşü Bakıda keçiriləcək, görüşün tarixi isə diplomatik kanallar vasitəsi ilə dəqiqləşdiriləcək. "Biz hazırlıq işlərini yekunlaşdıran kimi növbəti görüşü keçirmək istəyirik" - deyə Xələfov tamamlayıb.

Xəbər lenti

Xəbər lenti