...

Azərbaycan prezidenti "İlin adamı" mükafatı ilə təltif olunub

Siyasət Materials 5 Fevral 2008 12:30 (UTC +04:00)
Azərbaycan prezidenti "İlin adamı" mükafatı ilə təltif olunub

Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir S.İlhamqızı/ANS Şirkətlər Qrupu və Milli qəhrəman Çingiz Mustafayev adına Fond Azərbaycan prezidenti İlham Əliyevi "2007-ci ilin adamı" mükafatı ilə təltif edib.

Trend Agentliyi ANS-ə istinadən xəbər verir ki, çərşənbə axşamı prezident Əliyevin iştirakı ilə mükafatın təqdimat mərasimi keçirilib.

Dövlət başçısı bu ada vətənpərvərlik keyfiyyətlərinə və Azərbaycan üçün gördüyü işlərə görə layiq görülüb. ANS hesab edib ki, prezident heç bir dövlətlərin himayəsi olmadan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təməlinin qoyulması, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyi sistemində yerinin möhkəmlənməsinin tərkib hissəsi olaraq ölkə qazının Avropa bazarına çıxması, ABŞ və İran arasında xüsusilə gərginləşmiş münasibət fonunda yürütdüyü balanslaşdırılmış siyasət nəticəsində Azərabycanı mümkün təhlükələrdən qoruması, ölkədə və paytaxtda infrastrukur layihələrinin uğurla həyata keçirilməsi və bu məqsədlə yeni iş yerlərinin açılması, Azərbaycanda son qaçqın şəhərçiyinin ləğv edilməsi üçün gördüyü işlərə görə "İlin adamı" adına layiqdir. Həmçinin prezident Əliyev hərbi sənaye kompleksinin işə düşməsi və ilk hərbi məhsulların əldə edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin ən müasir standartlara cavab verməsi məqsədi ilə orduya ayrılan vəsaitin kəskin artırılması, ilk müstəqil teleradio şirkəti olan ANS-in fəaliyyətinin bərpası və lisenziyası müddətinin uzadılmasında oynadığı müstəsna rola, habelə həbsdə olan jurnalistlərin azadlığa buraxılmasına görə bu mükafata layiq görülüb. Prezident Əliyev mükafata görə təşəkkürünü bildirib.

"İlin adamı" mükafatı bir necə ildir ki, təqdim edilir. Bundan əvvəl adıçəkilən mükafat mərhum prezident Heydər Əliyevə, Yaponiyanın Azərbaycandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Toşiyuki Fucivaraya, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevaya və Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəyə verilib.

Xəbər lenti

Xəbər lenti