...

Hakimiyyətlə dialoq aparılmasına dair ADP ilə Müsavatın mövqeyi fərqlənmir – partiya sədri

Siyasət Materials 13 Fevral 2008 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu hesab edir ki, Müsavat Partiyasının hakimiyyətlə dialoq aparılması məsələsində mövqeyi ADP-nin mövqeyindən fərqlənmir.

"Bizim mövqelərimizdəki fərq yalnız odur ki, ADP hakimiyyətlə dialoq aparılmasını siyasi qərar şəklində qəbul edib, Müsavat isə qərar formasında deyil, bəyanatlarla, çağırışlarla bunu bildirir" - Cəlaloğlu Trend ə açıqlamasında bildirib.

ADP 2007-ci ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub, ötən ilin yanvarında hakimiyyətlə dialoq qurulması ilə bağlı partiyanın yeni siyasi kursu qəbul edilib. ADP-nin yeni siyasi kursu müxalifətçi Müsavat Partiyası tərəfindən etirazla qarşılanmışdı.

Müsavat Partiyasının başqanı İsa Qəmbər partiya Məclisinin iclasında hakimiyyəti bir daha dialoqa dəvət etdiyini bildirib.

Cəlaloğlu hesab edir ki, Müsavat Partiyası da ADP kimi hakimiyyətlə dialoqun tərəfdarı kimi çıxış edir: "Sadəcə, bu iki partiya dialoqu fərqli formalarda görürlər. Başqa müxalifət partiyalarının ADP-nin müxalifətçilik kursuna inanıb-inanmaması məni narahat etmir. Bəzi qüvvələr guya öz kurslarında dəyişilklik etməyiblər, amma əslində pərdəarxası oyunlar oynayırlar" - deyə Cəlaloğlu bildirib.

Müsavat Partiyasında isə hesab edirlər ki, onların siyasi kursunun ADP ilə eyniləşdirilməsi qərəzli fikirlərdir: "ADP hakimiyyətə əməkdaşlıq, müttəfiqlik təklif edir, dialoqla əməkdaşlıq fərqli təkliflərdir. Sərdar Cəlaloğlu da bunu bilir və qərəzli şəkildə Müsavatın mövqeyini ADP-nin kursu ilə eyniləşdirir" - deyə Müsavat Partiyasının mərkəzi icra aparatının rəhbəri Arif Hacılı Trend ə açıqlamasında bildirib.

Hacılının fikrincə, ən radikal müxalifət partiyaları da hər zaman ümumilli məsələlərlə bağlı hakimiyyətlə dialoqa hazır olduğunu bəyan edirlər. Ona görə də Hacılı hesab edir ki, Müsavatın dialoq çağırışları ADP-nin hakimiyyətlə dialoqa dair yeni siyasi kursu bir-birindən fərqlənir.

Sağ təmayüllü müxalifət partiyası ADP 1991-ci ildə Cəlaloğlu tərəfindən təsis edilib.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı Qəmbər Azərbaycan Parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla Parlamentdə təmsil olunur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti