Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti martın 4- də keçirilən iclasında Kosovonun birtərəfli şəkildə Serbiyadan ayrılaraq, müstəqilliyini elan etməsindən sonra yaranmış siyasi vəziyyətlə əlaqədar olaraq, vilayətdə xidmət edən azərbaycanlı sülhməramlılarını geri çağırılması haqda qərar qəbul elib. Azərbaycan Prezidentinin parlamentə göndərdiyi sənəddə qeyd olunub ki, Serbiya ərazisində yeni siyasi vəziyyət yaranıb və Azərbaycan sülhməramlılarının Kosovoda xidmətlərinin davam etdirməsi məsələsinə yenidən baxılmalıdır. Azərbaycan Milli Ordusunun tərkibində 1997-ci ildə sülhməramlı bölük, sonra isə, sühməramlı tabor yaradılıb. Azərbaycan Silahlı Qüvvələrinin İraqda Çoxmillətli Qüvvələrin tərkibində 150, Kosovoda 34 hərbçisi var. Azərbaycanlı hərbçilər Kosovonun 18 kəndində nəzarəti həyata keçirir. Azərbaycanın Kosovodakı sülhməramlı bölüyü Türkiyənin sülhməramlı qüvvələrinin tərkibində fəaliyyət göstərir.
Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin strukturunda isə, 45 sülhməramlımiz xidmət edir, həmin əsgərlər Kabul şəhərində post- patrul xidmətini həyata keçirir.
1999-cu ildən formal olaraq Serbiya ərazisinin bir hissəsi olan Kosovo BMT-nin tabeçiliyindədir. Fevralın 17-də Kosovo Serbiyadan ayrılaraq müstəqilliyini elan edib. Rəsmi Belqrad vilayətin müstəqilliyi ilə barışmaq niyyətində deyil. Artıq bir sıra ölkələr, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Türkiyə Kosovonun müstəqilliyini tanıyıb. Rusiya, İspaniya, Çin, Yunanıstan, Gürcüstan Belqradın mövqeyini dəstəkləyir və Kosovonun müstəqiliyini tanımaq niyyətində deyillər. Azərbaycan Kosovonun müstəqilliyini tanımaqdan imtina edib.
Kosovodan Azərbaycan sülhməramlılarının çıxarılması barədə səsvermədə deputatlardan 87-si lehinə, 3- ü əleyhinə səs verib, 2 -si bitərəf qalıb.