...

Cəbhə bölgəsində baş verən hadisələr Ermənistandakı gərginliyi aradan qaldırmaq gücündə deyil-Azərbaycanın hakim partiyası

Siyasət Materials 5 Mart 2008 18:11 (UTC +04:00)
Cəbhə bölgəsində baş verən hadisələr  Ermənistandakı gərginliyi aradan qaldırmaq gücündə deyil-Azərbaycanın hakim partiyası

Azərbaycan, Bakı, 05 mart / Trend , müxbir Q.Cəbiyev/ Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) hesab edir ki, cəbhə boyu atəşkəsin intensiv pozulmasının ən ciddi səbəbi Ermənistanın daxilindəki gərginliklə əlaqədardır. "Ölkə daxilində yaşanan gərgin anları aradan qaldırmağa çətinlik çəkən Ermənistan hakimiyyəti ictimaiyyətin fikrini təmas nöqtəsindəki döyüşlərlə dağıtmaq istəyir " -çərşənbə günü jurnalistlərə YAP sədrinin müavini və icra katibi Əli Əhmədov bildirib.

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 4-də səhər saatlarından başlayaraq, növbəti dəfə atəşkəs rejimini pozublar. Bunun nəticəsində, cəbhənin bir neçə istiqamətində vəziyyət gərginləşib. Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, dünən və bu gün səhər atəşkəsin pozulması nəticəsində, Ermənistan Silahlı Qüvvələri 12 hərbçisini itirib, 15-i isə yaralanıb. Döyüşlər zamanı Azərbaycan Milli Ordusunun 4 əsgəri şəhid olub. Hazırda qoşunların təmas xəttində nisbi sakitlikdir.

Əhmədov deyib ki, erməni iqtidarının atdığı bu addım Ermənistanı daxildəki problemlərdən uzaqlaşdırmayacaq. Onun sözlərinə görə, cəbhə bölgəsində baş verən hadisələr Ermənistandakı gərginliyi aradan qaldırmaq gücündə deyil. "Atəşkəsin pozulması zamanı erməni tərəfinin verdiyi itkilər, onların aldığı zərbələr Ermənistandakı daxili gərginliyi artıran amilə çevriləcək. Bir məqsədlə həyata keçirilən təxribat bumeranq olaraq, Ermənistan hakimiyyətinə yeni bir zərbə vurmağa əsas verir" Əhmədov əlavə edib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə, Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Xəbər lenti

Xəbər lenti