...

DAK-ın sədrləri bir-birini təşkilatı parçalamaqda ittiham edir

Siyasət Materials 10 Mart 2008 14:14 (UTC +04:00)
DAK-ın sədrləri bir-birini təşkilatı parçalamaqda ittiham edir

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir S.İlhamqızı/ Dünya Azərbaycanlıları Konqresinin ayrı-ayrılıqda iki qurultayının keçirilməsi ilə təşkilat növbəti dəfə parçalana bilər.

Təşkilatın sədri olduğunu iddia edən hər iki şəxs - Sabir Rüstəmxanlı və Qulamrza Təbrizi Trend ə açıqlamalarında bildiriblər ki, qarşı tərəfin fəaliyyəti qeyri-legitimdir.

DAK-ın ötən ilin yayında keçirilmiş qurultayında Qulamrza Səbri Təbrizi təşkilatın sədri seçilib. Keçmiş sədr Cavad Derəxti və tərəfdarları bir neçə aydan sonra Təbrizinin fəaliyyətinə etiraz edərək, DAK-ın bu ilin fevralında növbədənkənar qurultayını keçirməyə qərar vermişdilər. Təbrizi və tərəfdarları isə, iyunun 20-22-də Brüssel şəhərində Avropa Parlamentinin binasında DAK-ın qurultayını keçirməyə qərar veriblər. Həmin qurultayda 2003-cü ildə DAK-dan ayrılmış qrupun - Demokratik DAK-ın indiki DAK-la birləşməsi nəzərdə tutulur. Martın 4-də isə, DAK-ın İdarə Heyətinin 17 üzvündən 11-nin iştirakı ilə İH-nin toplantısı keçirilib, orada Təbrizinin vəzifəsindən uzaqlaşdırılması və qurultaya qədər Rüstəmxanlının sədr olmasına, həmçinin, DAK-ın qurultayının apreldə keçirilməsinə qərar verilib.

Sabir Rüstəmxanlı Trend ə açıqlamasında bildirib ki, DAK-ın parçalanmasının qarşısını almaq üçün müvəqqəti olaraq sədrliyə razılıq verib. Onun sözlərinə görə, əgər İdarə Heyəti üzvlərinin bu təklifini qəbul etməsəydi, DAK bir neçə yerə parçalanardı. Onun fikrincə, Təbrizi aprel qurultayında iştirak etməsə və iyunda planlaşdırdığı qurultayını keçirsə, onda özü tək Demokratik DAK-a keçmiş olacaq.

"Qulamrza Təbrizi tək qalıb. O, özbaşına qərarlar verməklə, heç kimlə razılaşmamaqla DAK-da vəziyyətin bu yerə gəlib çıxmasına səbəb olub. Biz təşkilatın parçalanmasının qarışısını almaq üçün apreldə qurultay keçirməyə qərar verdik" -deyə Rüstəmxanlı bildirib.

O, əlavə edib ki, DAK-ın ayrı-ayrılıqda iki qurultayının keçirilməməsi üçün Təbrizi ilə danışıqlar aparacaq.

Qulamrza Təbrizi isə, bazar ertəsi Trend ə müsahibəsində bildirib ki, Rüstəmxanlı və tərəfdarlarının qurultayı qeyri-legitim olacaq və o, özü iyun qurultayına hazırlaşır: "Sabir Rüstəmxanlı DAK-ın sədrliyinə razılıq olmaqla, böyük strateji səhvə yol verib, onun sədrliyə razılıq verməsi DAK-ın bütövlüyünün saxlanmasına deyil, əksinə, parçalanmasına səbəb olub. Mən təəssüf edirəm ki, belə bir ziyalı DAK-da bir qrup şəxsin sözünə qulaq asıb. Çünki mən sədr olduğum bu 8 ay ərzində həmin şəxsləri tanıdım" -deyə Təbrizi bildirib.

Təbrizi özünün tək qalması fikri ilə razılaşmayıb və bildirib ki, dünən - bazar günü internet vasitəsilə DAK fəallarının toplantısı keçirilib, İdarə Heyəti üzvlərindən də 5 nəfəri iştirak edib. Təbrizinin 150 nəfərə yaxın DAK fəalı, diaspor nümayəndələri onun sədrliyini dəstəkləyib və qarşı tərəfin legitimliyini qəbul etmədiklərini bildiriblər.

Təbrizi onu da deyib ki, iyun qurultayında sədrliyə namizəd olacaq və orada iki DAK birləşərək, vahid təşkilata çevriləcək: "İyunda Brüsseldə keçiriləcək qurultayda qarşı tərəf gəlib iştirak edə bilər, qapı hamının üzünə açıqdır, əgər özlərinin qurultaylarını keçirmək istəyirlərsə, qoy keçirsinlər, onsuz da 5-6 nəfərin toplantısı legitim sayıla bilməz"-deyə Təbrizi bildirib.

Xəbər lenti

Xəbər lenti