...

Azərbaycanın müxalifət partiyasının keçmiş sədri partiyanın qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinə üzv seçilib

Siyasət Materials 11 May 2008 20:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 may / Trend , müxbir C.Babayeva/ Azərbaycanın müxalifətini təmsil edən Milli Demokrat Partiyasının (AMDP) IV qurultayına hazırlıq üzrə yaradılan 15 nəfərlik Təşkilat Komitəsinə partiyanın keçmiş sədri İsgəndər Həmidov da üzv seçilib. Trend -un məlumatına əsasən, bu barədə qərar AMDP-nin Böyük Məclisinin bazar günü Bakıda keçirilən iclasında qəbul olunub.

Azərbaycan Milli Demokrat Partiyasının sədri, Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov siyasətdən getdiyini bəyan edib. Həmidov istefasını partiyada sədrliyə layiq şəxslərin olması və onlara yol açmaq istəməsi ilə izah edib. Hazırda partiya sədrinin səlahiyyətlərini keçmiş sədrin müavini, partiyanın IV qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Oqtay Xəlilli icra edir.

İsgəndər Həmidovun Böyük Məclisin iclasında iştirak edəcəyi gözlənilsə də, o, iclasın işinə qatılmayıb. Böyük Məclisin iclasında 67 üzvdən 47-si iştirak edib. İclasda həmçinin Həmidovun partiya sədrliyindən istefası məsələsi də müzakirə olunub. Səs çoxluğu ilə Həmidovun istefası Böyük Məclis tərəfindən qəbul olunub.

Böyük Məclisin iclasında AMDP-nin Demokratiya Uğrunda İttifaq və Demokratik Seçki Mərkəzində təmsil olunması məsələsi səsə qoyulub və səs çoxluğu ilə AMDP-nin həmin qurumlarda partiyanın qurultayına qədər təmsil olunması barədə qərar qəbul olunub.

AMDP-nin IV qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Oqtay Xəlillinin öncə Trend -a bildirdiyinə görə, Böyük Məclisin iclasında partiyanın "Azadlıq" partiyası ilə birləşməsi məsələsi də müzakirə olunacaqdı. Bazar günü keçirilən iclasda bu məsələnin müzakirə olunmamasına münasibət bildirən Xəlilli deyib ki, partiyaların birləşməsi məsələsi qurultayda müzakirə olunacaq.

"Partiyaların birləşməsi məsələsinin qurultayda "Azadlıq" partiyasının sədri Əhməd Orucun iştirakı ilə müzakirə olunacağı gözlənilir", deyə Xəlilli qeyd edib.

Onun sözlərinə görə, IV qurultayın keçirilmə vaxtının müəyyənləşdirilməsi Təşkilat Komitəsinə həvalə olunub.

Xəlillinin bildirdiyi kimi, Böyük Məclisin qərarı ilə partiyanın 2008-ci il prezident seçkisində iştirak forması və yeni sədrin seçilməsi məsələsi də qurultayın gündəliyinə çıxarılacaq.

AMDP 1993-cü ildə yaradılıb və ilk adı "Boz Qurd" olub. 1994-cü ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. 1995-ci ildə Ali Məhkəmə partiyanın adının müvafiq olmadığını əsas gətirərək "Boz Qurd"un dövlət qeydiyyatını ləğv edib. Partiya qeydiyyat problemini həll etmək üçün 1999-cu ildə keçirdiyi ikinci qurultayında adını dəyişib və Milli Demokrat Partiyası adlandırılıb. Lakin Ədliyyə Nazirliyi partiyanı qeydiyyata almaqdan imtina edir. Partiya sədri, sabiq daxili işlər naziri İsgəndər Həmidov 1995-2004-cü illərdə həbsdə olub. 15 il azadlıqdan məhrum edilən Həmidov 2004-cü ildə prezidentin əfv fərmanı ilə azadlığa çıxıb.

Xəbər lenti

Xəbər lenti