Azərbaycan, Bakı, 15 may / Trend , müxbir E.Babayev/ Azərbaycanın Xarici İşlər Nazirliyi bəyan edib ki, ölkə ərazisindən bütün yüklər həmişə olduğu kimi, Azərbaycan qanunlarına və beynəlxalq hüquq normalarına uyğun daşınacaq. "Bu məsələdə güzəştdən söhbət gedə bilməz", XİN-in mətbuat katibi Xəzər İbrahim cümə axşamı jurnalistlərə bildirib.
Azərbaycanda səfərdə olan Rusiya xarici işlər nazirinin müavini Georgi Karasin çərşənbə günü bəyan edib ki, Bakı və Moskva arasında "Buşehr" AES stansiyası üçün nəzərdə tutulan Rusiya yükünün Azərbaycan ərazisindən daşınmasının detalları barədə razılıq əldə edilib.
Rusiyanın "Atomstroyeksport" şirkətinin "Buşer" AES üçün istiliyi izolyasiya edən avadanlıqdan ibarət yükü martın 29-da Azərbaycanın İranla sərhədində saxlanılıb, bir aydan sonra isə, İrana buraxılıb.
Azərbaycan Gömrük İdarəsi bildirib ki, ixrac yükləri üzərində nəzarətin tələblərinə əsasən, bu yükün ölkə ərazisindən və onun sərhədlərindən keçməsinə Nazirlər Kabinetinin icazəsi tələb olunur.
Öz növbəsində, "Atomstroyeksport" vurğulayıb ki, yük ikili təyinata malik mal və xüsusilə də nüvə materialı deyil, onun tədarükü isə, beynəxalq təcrübədə qəbul edilmiş bütün qaydalar üzrə
rəsmiləşdirilib.
"Buşer" AES-i 1975-ci ildə alman şirkətləri tikməyə başlayıblar. Lakin İrandakı inqilab, Tehrandakı Amerika səfirliyinin tutulması və ABŞ-ın İrana yüksək texnologiyaların tədarükünə qoyduğu embarqodan sonra, müqavilədən imtina ediblər.
1995-ci ilin yanvarında "Zarubejatomenerqostroy" və İranın Atom Enerjisi Təşkilatı Tehranda stansiyanın birinci blokunun tikintisinin başa çatdırılmasına dair müqavilə imzalayıblar.
Rusiya da bir VVER-1000 tipli reaktor və onun üçün nüvə yanacağı tədarük etməyə, iranlı mütəxəssisləri hazırlamağa razılıq verib. Müqavilənin ümumi dəyəri 1 mlrd. dollar qiymətləndirilir. VVER-1000 reaktorunun tədarükünün qiyməti isə 850 mln. təşkil edib.
1998-ci ilin fevralında Rusiya və İran, RF-nin sadəcə, AES-in qurulmasında yardım etməyəcəyi, həm də stansiyanın tikintisini tam başa çatdırmasına dair razılığa gəliblər. Tikinti 1999-cu il iyulun 8-də başa çatmalı olsa da, "Buşer" AES-in istismara verilməsi tarixi bir neçə dəfə təxirə salınıb.
İbrahim bildirib ki, Karasinin razılıq dedikdə nəyi nəzərdə tutduğunu onun özündən soruşmaq lazımdır. "Hər bir dövlət daxili qanunlara və beynəlxalq hüquq normalarına əməl etməlidir. Bundan sonra da daşınan yüklərin daşınmasına qanunvericilik çərçivəsində icazə veriləcək və bu yükün hansı ölkədən gəlməsinə fərq qoyulmayacaq" - deyə o qeyd edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]