Azərbaycan, Bakı, 29 may/ Trend , müxbir M.Əliyev/ Hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Ermənistanın yeni prezidenti üçün heç də ilkin prioritet deyil. Məşhur "Qara bağ: Azərbaycan və Ermənistan - sülh və müharibə arasında" kitabının müəllifi, politoloq Tomas de Vaal belə hesab edir.
"Mübahisəli seçkilər və martın 1-də qan tökülməsindən sonra Serj Sərkisyan çətin siyasi vəziyyətdədir və xalq qarşısında özünün legitimliyi uğrunda mübarizə aparır", - de Vaal cümə axşamı elektron poçtu ilə Londondan Trend -a bildirib.
İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını, o cümlədən Dağlıq Qarabağ regionunu işğal edib. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.
İyunun altısında MDB-yə üzv dövlətlərin başçılarının qeyri-formal sammiti çərçivəsində, Azərbaycan prezidenti İlham Əliyevin Serj Sərkisyanla birinci görüşü keçiriləcək.
Tomas de Vaal hesab edir ki, Vaşinqton və Moskva hələ ki, Qarabağ münaqişəsinin nizamlanmasını Qafqazda təcili prioritet kimi görmürlər. "Hər iki ölkə rəhbəri vaxtı uzadacaq və ciddi kompromislərə gedəcək", - de Vaal yazır.
Onun rəyinə görə, İlham Əliyev və Serj Sərkisyan arasında şəxsi əməkdaşlıq perspektivi Köçəryanla müqayisədə daha yaxşı olacaq.
Lakin, Tomas de Vaalın fikrincə, obyektiv şərait danışıqlar prosesinin dalana dirəndiyini diqtə edir. "Hazırda Azərbaycanın ötən il müzakirə edilən "Əsas prinsiplərdən" uzaqlaşdığını təsəvvür etmək çətindir. Ermənilər isə, ərazi bütövlüyünün xatırlandığı sənəd ətrafında danışıqların olmayacağını hesab edirlər"
2007-ci ilin sonunda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilk dəfə olaraq Azərbaycan və Ermənistana Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə "Əsas prinsiplər" sənədini təqdim ediblər.
Tomas de Vaal, həmçinin. Qarabağ ermənilərinin danışıqlar prosesinə qoşulmaq arzusunu şərh edib. "Təəssüf ki, qarabağlıların danışıqlarda iştirak etmələri məsələsi çox siyasiləşdirilib. İrəvanda deyirlər ki, münaqişə Qarabağ erməniləri və Bakı arasında getsin, Ermənistan isə, yalnız maraqlı tərəf olsun - əlbəttə ki, bu heç də belə deyil. Digər tərəfdən, Bakının münaqişənin Bakı və İrəvan arasında olmasına dair mövqeyi də, həmçinin, düzgün deyil", - Vaal qeyd edib.
"Daha möhkəm sülh prosesini təmin etmək üçün Bakı və Qarabağ erməniləri və Qarabağ erməniləri ilə Qarabağ azərbaycanlıları arasında zəruri paralel danışıqlara başlamaq lazımdır. Obyektiv olsaq, sonuncular bu münaqişədə daha çox itiriblər və hətta demək olar ki, hər kəs tərəfindən xəyanətə məruz qalıblar", - o qeyd edib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]