Azərbaycan, Bakı, 17 iyun/ Trend , müxbir E.Babayev/ Azərbaycanın iqtidaryönlü Ana Vətən Partiyasının bu gün keçirilən V qurultayında hazırki dövlət başçısı, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb. "Partiyanın rəhbər strukturlarında aparılan müzakirələr zamanı mənim özümün prezidentliyə namizəd olmağım istənilib. Mən onlara təşəkkürümü bildirirəm. Ancaq mənim qəti mövqeyim odur ki, bu gün siyasi arenada İlham Əliyevə alternativ yoxdur", - AVP sədri , millət vəkili Fəzail Ağamalı qurultayda çıxışı zamanı bildirib.
Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası isə hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə seçkiləri boykot edəcəyi barədə bəyanat verib.
Ağamalı qurultay iştirakçılarını İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıb. Bundan sonra qurultayda İlham Əliyevin namizədliyi yekdilliklə dəstəklənib.
AVP 1990-cı ildə Ağamalı tərəfindən yaradılıb. Partiya hakimiyyətin siyasətini müdafiə edir və 2003-ci il prezident seçkisində İlham Əliyevin namizədliyini irəli sürüb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]