...

Azərbaycanın siyasi mədəniyyət baxımından Avropaya verəcəyi töhfələr çoxdur – AŞ-nın Baş katibi

Siyasət Materials 24 İyun 2008 12:26 (UTC +04:00)

Fransa, Strasburq, 24 iyun / Trend , müxbir A.Məhərrəmli/ Avropa Şuranın Baş katibi Terri Devisin Trend -a eksklüziv müsahibəsi

- Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmə səviyyəsini necə qiymətləndirirsiniz?

- Fikrimcə, Azərbaycan bu istiqamətdə səylər göstərir və bunu daha yaxşı yerinə yetirə bilər.

- Azərbaycanda prezident seçkisi öncəsi AŞ-nın fəaliyyət planları necə yerinə yetirilir və seçkiqabağı vəziyyəti necə qiymətləndirirsiniz ?

- Azərbaycanın bu fəaliyyət planlarını necə yerinə yetirməyindən danışmaq hələ tezdir. Seçki cari ilin oktyabrında keçiriləcək. Təbii ki, biz Azərbyacan hakimiyyətinin yay mövsümündə bu seçkiyə böyük cəhdlə hazırlaşmasını gözləyirik. Biz əldə edilmiş nəticələri sentyabr ayının əvvəlində qiymətləndirəcəyik.

- Bu il dekabrın 2-3-də Bakıda "Mədəniyyətlərarası dialoq"a dair beynəlxalq konfrans keçiriləcək. Sizcə, Azərbaycan bu dialoqda hansı formada körpü rolunu oynaya bilər? Konfransda iştirak edəcəksinizmi ?

- Sentyabrın əvvəlində, yəni tətildən geri döndükdən sonra Azərbaycana səfərim barədə qərar verəcəm. Yəqin ki, məni başa düşərsiniz, çünki Avropanın bir çox yerlərində konfrans və iclaslara dəvətliyəm. Konfransın tarixi mənim orada iştirak edə bilməyim üçün seçilib. Əgər imkan olarsa, təbii ki, səfər edəcəm. Azərbaycana yenidən səfər edəcəyimə sevinirəm. Bildiyinz kimi, ölkənizə çoxsaylı səfərlər etmişəm. Mənim orada bir çox dostlarım var. Mən sözlərimi ölçüb-biçib deyirəm ki, sonra məni seçki prosesinə qarışmaqda ittiham etməsinlər. Bu ilin sonuna qədər Azərbaycana gedə biləcəyimə sevinirəm. İki səbəbə görə Azərbaycanın Avropaya verəcəyi töhfələr böyükdür. Birincisi, Azərbaycanın yerləşdiyi coğrafi mövqeyinə görə. Bunu sizə söyləməyə lüzum yoxdur. İkinci səbəb isə Azərbaycanın müsəlman ölkəsi olmasıdır.

Qeyd etmək lazımdır ki, Avropanın bir çox yerlərində müsəlmanların yaşamasına baxmayaraq, Avropanın əksər ölkələri xristian etiqadına mənsubdur. Azərbaycan mötədil və tolerant bir ölkə kimi tanınır. Avropanın başqa regionlarında baş verən hadisələrdən fərqli olaraq, Azərbaycanda hansısa insanların odlu-alovlu bəyanatlar səsləndirməsinin şahidi olmamışıq və buna dair məlumatlarımız da yoxdur. Məncə, Azərbaycanın həm coğrafi mövqeyinə, həm də dini mənsubiyyətinə baxmayaraq, siyasi mədəniyyət baxımından verə biləcəyi töhfələr çoxdur. Əlbəttə, Azərbaycan əhalisinin əksəriyyətini müsəlmanlar təşkil etdiyi yeganə ölkə deyil. Fikrimcə, AŞ üzvü olan Albaniya və son zamanlar Bosniya-Herseqovina da bu yolu tutubdur.

- AŞ Baş katibinin Cənubi Qafqazda mədəniyyət abidələrinin vəziyyətini araşdırmaq üçün faktaraşdırıcı missiyasının səfəri ilə bağlı vəziyyət hansı mərhələdədir ?

- Həm Emənsitanda, həm də Azərbaycanda mədəni abidələrin dağıdılması haqqında deyilənləri araşdırmaq üçün gedəcək ekspertlərin səfərinin tarixi hələ bəlli deyil. Bu yaxınlarda bununla bağlı Mədəniyyət, Elm, Təhsil, İdman və Gənclər üzrə Baş Direktorluqda çalışan həmkarlarımla danışacam. O'Haranın səfərinə gəldikdə, sualı ona vermək yaxşı olardı. O, AŞ PA-nın Cənubi Qafqazda mədəni irsin araşdırılması üzrə məruzəçisidir.

Səfərin mövcud olan vəziyyətə hansı təsir göstərəcəyini isə deməyə çətinlik çəkirəm. Bu, hər iki istqamətdə inkişaf edə bilər. Bu səfər yaranmış gərginliyi həm artıra, həm də azalda bilər. Məhz buna görə biz bu məsələyə ehtiyatla yanaşırıq. Əgər aparılan araşdırmalar irəli sürülən iddiaların əsassız olduğunu üzə çıxararsa, təəssüf ki, bu, daha ciddi reaksiyaların sərgilənməsinə gətirib çıxarar. Ümid edirəm ki, bu səfər gərginliyin azalmasına xidmət edəcək. Hər iki ölkənin hakimiyyət orqanlarının regiona səfər edəcək ekspertlərin açıq fikirli və obyektiv olduqlarını qəbul edəcəyinə ümid edirəm. AŞ öz ekspertlərinin seçiminə xüsusi diqqət yetirəcək.

- Azərbaycanın Seçki Məcəlləsinə və "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanununa edilən əlavə və dəyişiklikləri necə qiymətləndirirsiniz? Sizcə, bu dəyişikliklər azad və ədalətli seçkilər keçirməyə imkan yaradacaqmı?

- Bunun belə olacağına ümid edirəm. Sözügedən qanunlara edilən əlavə və dəyişikliklərin qiymətləndirilməsini gözləyirəm. Sualı çox düzgün formada verdiniz, bəzi insanlar mənə "Bu dəyişikliklər demokratik seçkilərin keçirilməsinə təminat verəcəkəmi" kimi sualla müraciət edirlər. Mənim fikrimcə, azad və ədalətli seçkilərin keçirilməsi bu dəyişiklərdən deyil, onu həyata keçirəcək insanlardan asılıdır. Azad və demokratik seçkilər keçirmək üçün əsl demokrat olmaq lazımdır. Bu isə hər hansı bir qanundan yox, daxildən gəlməlidir. Mən həmişə deyirəm ki, Seçki Məcəlləsi seçkinin azad keçirilməsinə təminat vermir, Məcəllə seçkinin azad və demokratik keçirilməsinə şərait yaradır.

Mənim iştirak etdiyim bir çox seçkilərdə qanunun əhatə edə bilmədiyi hallar da baş verib. Həmişə demişəm ki, Seçki Məcəlləsi bütün ehtimalları əvvəlcədən önləyə bilməz. Seçkilərin azad və demokratik keçirilməsində başlıca şərt bu seçkiləri təşkil edən, seçki prosesində iştirak edən insanların bu ehtimallara necə reaksiya verməsindən asılıdır. Dəfələrlə, hətta Azərbaycana etdiyim səfərlərin birində də vurğulamışam ki, demokratiya mədəniyyət məsələsidir.

- İyunun 24-də AŞ PA-da Azərbaycanda demokratik təsisatların fəaliyyətinə dair məruzə müzakirə ediləcək. Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin olunmasına necə baxırsınız ?

- Demokratik təsisatların fəaliyyəti və siyasi məhbuslarla bağlı məruzəçinin təyin olunması mənim üçün ayrı-ayrı məsələlərdir. Bu, AŞ PA-nın səlahiyyətinə aid olan məsələdir. Məruzəçinin təyin olunması haqqında heç bir şey deyə bilmərəm. Ola bilsin ki, iyunun 24-də keçiriləcək müzakirələrdə bir çox insanlar Azərbaycanda demokratik təsisatların fəaliyyətindən razı qaldıqlarını bildirsələr də, məruzəçinin təyin olunmasını xahiş etsinlər. Digərləri demokratik təsisatların fəaliyyətindən narazılıqlarını bildirər və ardınca Azərbaycanda siyasi məhbusun olmadığını söyləyə bilərlər. Fikirlərin kombinasiyası hüdudsuzdur. Fikrimcə, AŞ PA üzvlərinin sayı qədər də müxtəlif fikir səslənə bilər. Mənim fikrimi bilmək istəyirsinizsə, səmimi cavab verəcəm. Azərbaycanda demokratik təsisatların fəaliyyətindən çox narahatam. Məncə, vəziyyət daha yaxşı ola bilər və Azərbaycan hökumətində mənimlə həmfikir olacaq insanlar da var. Mən Azərbaycanda bir sıra şəxslərin, xüsusilə də jurnalistlərin həbsindən narahatam. Siyasi məhbus dedikdə, siyasi partiyanın üzvü olduğuna və öz fikrini bildirdiyinə görə həbs olunmuş insanları nəzərdə tuturuq. Azərbaycanda jurnalistlərin yazdıqları yazılara görə həbs olunmaları ilə bağlı narahatedici bir vəziyyət var. Jurnalistlərə qarşı irəli sürülən iddiaların əsaslı olub-olmadığını bilmək çətindir, amma onların bu qədər çox olması narahatlıq yaratmaya bilməz. Məncə, bu, Azərbaycanın dünyanın başqa ölkələri ilə, beynəlxalq təşkilatlarla münasibətlərində aradan qaldırmalı olduğu ən böyük maneələrdən biridir. Təbii ki, burada Azərbaycanın üzvü olduğu Avropa Şurasını da nəzərdə tuturam. Əgər məndən Azərbaycandakı vəziyyətin irəliləməsinə töhfə verəcək ən yaxşı vasitənin nədən ibarət olduğunu soruşsalar, daha çox azərbaycanlıların Azərbaycandan kənara səfər etməsi tövsiyəsini verərdim. Daha çox jurnalistlər, siyasətçilər, hətta sadə insanlar da Avropanın bir çox ölkələrinə səyahət etsinlər, vəziyyətlə tanış olsunlar.

- Son dövrlər AŞ PA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin iclasları keçirilmir. Bu nə ilə əlaqədardır və yaxın vaxtlarda Komitəni fəallaşdırmaqla bağlı hansı planlarınız var ?

- Fikirləşirəm ki, Alt Komitənin görə biləcəyi işlərə məhdudiyyətlər var. Alt Komitə münaqişənin həllinin tapılmasına yardım göstərə bilər, amma münaqişəni həll etmək onun səlahiyyətinə aid deyil. Buna görə, sizə məsələnin özəyini nəzərdən keçirməyi təklif edirəm. Əgər bu problemin həqiqətən həll olunması istənilirsə, bu halda hər iki ölkənin prezidentləri - həm Azərbaycanın, həm də Ermənistanın dövlət başçıları, xüsusilə də Dağlıq Qarabağ əhalisinin marağına uyğun razılığa gəlmələri üçün masa arxasında əyləşməlidirlər. Digər insanlar və qurumlar, məsələn ATƏT-in Minsk Qrupu münaqişənin həllinə töhfə versələr də, sonda məsuliyyət hər iki ölkənin prezidentlərinin üzərinə düşür. Çalışıram ki, sözlərimdə anlaşılmazlıq olmasın. Mən demokratiyanın çılğın tərəfdarıyam. Deməli, ədalətli seçkilərin keçrilməsinin tərəfdarıyam. Azad seçki demokratiyanın əsas hissəsini təşkil edir. Dağlıq Qarabağ probleminin bir hissəsi kimi deyə bilərəm ki, həmişə prosesin gedişində yeni seçkilər ortaya çıxır və bu münaqişənin həll olunmasına bəzi təsirlər göstərir. Ümid edirəm ki, oktyabrda keçiriləcək prezident seçkilərindən sonra Azərbaycan və Ermənistan prezidentləri masa arxasında əyləşib bu problemi birdəfəlik həll edəcəklər. Mən çox vaxt demişəm ki, prezidentlərin artıq öz ölkəsində görəcəyi çox işlər var. Hər iki prezident onları Azərbaycan və Ermənsitan xalqına aid olan digər məsələlərdən ayıran bu önəmli problemin həllinə nail olmaq üçün nə qədər çox bir araya gələcəklərsə, bir o qədər də yaxşı olacaq.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti