...

Azərbaycan və Rusiya tərəfindən axtarışa verilmiş 291 nəfər tutulub

Siyasət Materials 30 İyun 2008 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun / Trend , müxbir K.Zərbalıyeva/ Ötən il və cari ilin birinci rübündə Azərbaycan və Rusiya Cinayət məcəllələrinin müxtəlif maddələri ilə axtarışda olan 291 nəfər tutulub.

Trend-News-un məlumatına görə, bu haqda Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi Ərziman Əliyev məlumat verib.

İdarə rəisi deyib ki, həmin şəxslər qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətlərinin polis sahə müfəttişləri ilə birgə keçirdiyi tədbirlər nəticəsində zərərsizləşdirilib.

Əliyevin sözlərinə görə, tədbirlər nəticəsində vətəndaşlarda qeyri-qanuni saxlanılan 23 ədəd odlu silah və müxtəlif növ sursat aşkar olunaraq götürülüb, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 3 fakt aşkar edilib.

Ümumvətəndaş pasportu almaq üçün Baş İdarəyə və regional şöbələrə müraciət etmiş daha 78 nəfər cinayət törətmiş şəxs tutularaq, ərazi polis orqanlarına təhvil verilib.

Baş İdarənin Milli Avtomatlaşdırılmış Pasport Sistemi (MAPS) üzrə məlumat şöbəsinin qadağa siyahısı üzrə son 7 ildə dövlətlərarası axtarışda olan 565, yerli axtarış üzrə 542 şəxs aşkarlanıb və bu barədə əməliyyat xidmətlərinə məlumat verilib.

Cari ilin birinci rübündə Baş İdarənin Vahid Məlumat Axtarış Sisteminin "Məlumat Portalı"na qoşulması nəticəsində yerli, beynəlxalq və dövlətlərarası axtarışda olanların, təqsirləndirilən və məhkəməyə göndərilən şəxslərin, oğurlanmış və ya itirilmiş pasport və şəxsiyyət vəsiqələrinin siyahılarına və bir sıra digər sahələr üzrə geniş məlumat bazasına birbaşa çıxış imkanı yaranıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti