Azərbaycan, Bakı, 02 iyul / Trend , müxbir E.Babayev/ Azərbaycanda keçiriləcək prezident seçkisində yerli qeyri-hökumət təşkilatlarının (QHT) "exit-poll" keçirməsinə, o cümlədən seçkilərin monitorinqinin aparılmasına hər hansı məhdudiyyət qoyulmayacaq. "Azərbaycan dövləti ölkənin daha da demokratikləşməsi prosesində QHT-lərin rolunun artırılmasında maraqlıdır. Bu özü dövlətin, cəmiyyətin QHT-lərə olan inamının, etimadının təzahürüdür ki, onlar seçki prosesində daha aktiv və fəal iştirak etsinlər", çərşənbə günü Trend -a Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin sədr müavini Ərəstun Mehdiyev bildirib.
Trend -un arayışı: Azərbaycan parlamenti bu il iyunun 13-də keçirilən iclasında "QHT haqqında" Qanuna dəyişiklik edib. Dəyişikliyə əsasən, yerli QHT-lərə seçkilər zamanı "exit-poll" keçirməyə icazə verilib.
Mehdiyev vurğulayıb ki, əvvəllər QHT-lərin seçkiləri müşahidə etməsində müəyyən problemlər var idi. 2005-ci il parlament seçkiləri zamanı bu məhdudiyyət aradan qaldırıldı. "İndi növbəti prezident seçkiləri ərəfəsində QHT-lərin rolu bir qədər də genişdləndirilir. Onlara daha böyük etimad göstərilir ki, gəlib "exit-poll" keçirsinlər. Onlar bunun üçün sadəcə MSK-ya müraciət etməlidirlər. MSK-da qeydiyyata düşdükdən sonra, onlar tam sərbəst şəkildə "exit-poll" keçirə bilərlər", - deyən sədr müavini onu da bildirib ki, Azərbaycanda QHT-lərin fəaliyyəti üçün demək olar ki, mükəmməl qanunvericilik bazası formalaşdırılıb. Eyni zamanda, prezidentin sərəncamı ilə QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılıb. "Hazırda QHT-lərlə bağlı hər hansı yeni bir addımın atılması nəzərdə tutulmur. İndi daha çox qəbul olunmuş qərarların icrasına diqqət ayrılmalıdır", - deyə Mehdiyev vurğulayıb.
Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]