...

"Azadlıq" bloku prezident seçkilərinin boykotu ilə bağlı yekun qərar qəbul etdi

Siyasət Materials 20 İyul 2008 19:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyul / Trend / Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku builki prezident seçkilərinin boykotu ilə bağlı yekun qərar qəbul edib. Bloka daxil olan hər üç partiyanın ali orqanı blokun Sədrlər Şurasının boykot qərarını təsdiqləyib.

Trend -un arayışı: Bu ilin may ayının sonunda "Azadlıq" blokunun Sədrlər Şurası prezident seçkilərini boykot etməklə bağlı bəyanat yaymışdı. "Bu ilin payızında bizi həqiqi seçkilər deyil, seçkilər adında bir tamaşa gözləyir. Blok belə bir tamaşada iştirak etmək niyyətində olmadığını və payızda keçirilməsi nəzərdə tutulan prezident seçkilərini boykot etdiyini qətiyyətlə bəyan edir" - deyə blokun yaydığı bəyanatda deyilirdi.

"Azadlıq" bloku birliyin məclisini çağıraraq boykot qərarını rəsmiləşdirmək qərarı vermişdi. Blok məclisinin toplanmasında problem yarandığından "Azadlıq" blokunun Sədrlər Şurası iki gün öncəki toplantısında məsələnin bloka daxil olan partiyaların ali orqanlarında müzakirəsinə qərar veriblər.

Dünən bloka daxil olan hər üç partiyanın ali orqanlarının toplantısı keçirilib. Hər üç partiyanın Siyasi Şuraları їAzadlıqї blokunun Sədrlər Şurasının boykot qərarını təsdiqləyiblər.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisinin oktyabrın 15-də keçirilməsi nəzərdə tutulur. İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası isə hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. İqtidaryönlü Ana Vətən və Sosial Rifah partiyaları seçkidə İlham Əliyevin namizədliyini müdafiə etmək qərarı veriblər. Müxalif Vəhdət və Tərəqqi partiyaları da İlham Əliyevi müdafiə etmək barədə qərar verəcəklərini bildiriblər. Azərbaycanın Demokratik İslahatlar Partiyası prezident seçkisində müşahidəçi mövqeyi tutacağı barədə qərar qəbul edib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti