...

Türkiyə universitetində erməni dili və ədəbiyyatı bölməsi açılır

Siyasət Materials 4 Avqust 2008 12:07 (UTC +04:00)
Türkiyə universitetində  erməni dili və ədəbiyyatı bölməsi açılır

Türkiyə, Ankara, 04 avqust / Trend , müxbir A.Ələskərov/ Türkiyənin Ali Attestasiya Komissiyası ölkə XİN-i ilə razılaşmadan sonra Nevşehir şəhər universitetinə erməni dili və ədəbiyyatı bölməsi açmaq üçün iczə verib. "Habertimi" informasiya agentliyinin verdiyi məlumata görə, bu barədə icazə, adı çəkilən universitetin ədəbiyyat fakültəsinin dekanı, professor Metin Hülagü tərəfindən göndərilən müraciətdən sonra alınıb.

Professorun rəyinə görə, bölmənin yaradılması "ikitərəfli münasibətlərin isinməsinə" və ölkənin mütəxəssislərə olan tələbatının ödənilməsinə yardım edəcək. Nevşehir Universiteti müəllim çatışmazlığını nəzərə alaraq artıq Türkiyənin erməni icmasının dini lideri II Mesropa yardım üçün müraciət edib. O, Ermənistandan müəllimlərin dəvət edilmə mümkünlüyünü istisna etməyib.

Professor Hülagü əvvəllər Ermənistanda səfərdə olub, burada Yerevan Universitetinin müəllimləri ilə əlaqələr qurub. Nevşehir Universitetində erməni dili və ədəbiyyatı bölməsinə təhsil almaq üçün tələbə qəbulu 2009-cu tədris ilindən başlanacaq. Hazırda erməni dili İstanbulun Boğaziçi Universitetində tədris olunur.

Nevşehir şəhəri Mərkəzi Türkiyədə yerləşir, Türkiyənin dünyada məşhur olan Kappadokiya mərkəzi də burada yerləşir. Nevşehir şəhərindəki universitet 2007-ci il mayın 17-də açılıb.

Xəbər lenti

Xəbər lenti