...

Gürcüstan azərbaycanlıları gürcü-osetin münaqişəsi ərazisindən olan qaçqınlara humanitar yardım göstərirlər

Siyasət Materials 19 Avqust 2008 13:31 (UTC +04:00)
Gürcüstan azərbaycanlıları gürcü-osetin münaqişəsi ərazisindən olan qaçqınlara humanitar yardım göstərirlər

Azərbaycan, Bakı, 19 avqust / Trend , C.Babayeva/ Gürcüstanda yaşayan azərbaycanlılar  gürcü-osetin münaqişəsi  ərazisindən olan qaçqınlara humanitar yardım göstərirlər, - çərşənbə axşamı   Trend -a  Tbilisidən telefonla "Qeyrət" Gürcüstan Azərbaycanlıları Xalq Hərəkatının sədri Əlibala Əsgərov deyib.

Tbilisi bildirir ki, gürcü-osetin münaqişəsi zonasından və ona bitişik Şida Kartli regionundan olan  qaçqınların sayı 200 minə çatıb. Hazırda rəsmi qeydiyyatdan 70 min adam keçib, proses  isə davam edir.

Əsgərovun sözlərinə görə, Gürcüstanın Marneuli rayonunun əllidən çox kəndinin sakinləri yataq dəstləri, geyim, ərzaq toplayır. "Şəhər İcra Hakimiyyətində  humanitar yüklər toplanan və buradan hər axşam qaçqınların yerləşdiyi Tbilisi obyektlərinə ləvazimat və ərzaq göndərilən mərkəz yaradılıb", - o deyib.

Onun sözlərinə görə, gürcü-osetin münaqişəsi ərazisində qeydiyyatdan keçmiş qaçqınlar arasında azərbaycanlılar yoxdur.

Qeyri-rəsmi məlumatlara görə, Gürcüstanda 500 min azərbaycanlı yaşayır.

Xəbər lenti

Xəbər lenti